AZ

5 ildir Bayraq Gününü qürurla qeyd edirik



“Üçrəngli dövlət bayrağımız təkcə dövlət atributumuz, mili simvolumuz deyil, eyni zamanda xalqımızın milli kimliyini, azadlıq iradəsini və dövlətçiliyimizi özündə əks etdirən, onun müstəqil və suveren dövlət olduğunu bütün dünyaya nümayiş etdirən müqəddəs varlığımızdır. Bu gün Azərbaycan bayrağı dünyanın hər bir yerində, beynəlxalq təşkilatlardan, ayrı-ayrı dövlətlərdə, yüksək ali tribunalarda, idman arenalarında, eyni zamanda ölkəmizin bütün ərazilərində dalğalanır, bizə şərəf, qürur verir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri hər biri dərin mənaya malikdir:

“Mavi rəng türk mənşəyimizi, qırmızı müasirlik və inkişaf yolumuzu, yaşıl isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Ay və səkkizguşəli ulduz isə xalqımızın milli-mədəni dəyərlərinin və dövlətçilik ənənələrinin rəmzidir”.

Üçrəngli bayrağımızın tarixinə nəzər yetirən millət vəkili deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilib və xalqımızın milli rəmzi kimi tarixə yazılıb. İlham Məmmədov diqqətə çatdırıb ki, Sovetlərin zamanında üçrəngli barağımız bizə unutdurulmuş, yaddaşlardan silinməyə çalışılmışdı:

“1990-cı illərdə ittifaq ölkələrində baş qaldıran müstəqillik, azadlıq çağırışları tariximizi, milli atributlarımızı yenidən xatırlamağı bizə borc bildi. Tariximizə, keçmişimizə, milli kimliyimizə xüsusi diqqət yetirən, onu qoruyub saxlamağı, gələcək nəsillərə ötürməyi zəruri hesab edən ümummilli lider Heydər Əliyev üçrəngli bayrağımıza da eyni sevgi, eyni məhəbbətlə yanaşırdı. Keçmişə, milli dəyərlərə, atributlara bağlılığın göstəricisi idi ki, Sovet İmperiyasının süqutu ərəfəsində üçrəngli bayrağımız məhz Naxçıvan Muxtar Respublikasında qaldırıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət atributları müəyyən edildi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) adından “Sovet Sosialist” sözləri çıxarıldı və Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Naxçıvanın milli bayrağı kimi qəbul olundu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Soveti həmin bayrağı dövlət bayrağı kimi təsdiq etdi. Beləliklə, müstəqillik arzusu ilə keçirilən mitinqlərdə üçrəngli bayrağımız dalğalanmağa başlandı”.

İlham Məmmədov deyib ki, artıq 26 ildir ki, noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir:

“Dövlət Bayrağı Günü 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmişdir. O vaxtdan etibarən hər il 9 noyabr günü ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Son 5 ildə Dövlət Bayrağı Gününü daha qürurla, daha fəxrlə qeyd edirik. Çünki üçrəngli bayrağımız bu gün təkcə bölgələrdə, məktəblərdə, idarələrdə, dövlət qurumlarında deyil, eyni zamanda 30 ilə yaxın işğal altında olan ərazilərimizin hər bir nöqtəsində dalğalanır. Müzəffər Ali Baş Komandan və onun qalib Ordusu, şəhid və qazilərimizin misilsiz şücaətləri ilə Azərbaycan dövləti və xalqı buna nail oldu, suverenlik və ərazi bütövlüyünü tam bərpa edərək bayrağını ölkə hüdudları boyunca hər yerdə dalğalandırdı”.

Süleyman
Seçilən
39
1
newscenter.az

2Mənbələr