AZ

Lionel Messi yenə dubl etdi, komandası 1/4 finala yüksəldi

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 1/8 final mərhələsi çərçivəsində “Neşvil”lə qarşılaşıb.

“Vağlar” doğma meydanda baş tutmuş bu oyunda möhtəşəm qələbəyə seviniblər – 4:0. Messi 90 dəqiqə meydanda olub, 2 qol və 2 məhsuldar ötürməylə yadda qalıb. O, 10-cu və 39-cu dəqiqələrdə özü fərqlənib, 73-cü və 76-cı dəqiqələrdə isə Alyendeyə qol vurmaqda yardım edib.

Messi bu dubl sayəsində MLS-in cari mövsmünün bombardirlər siyahısının ilk pilləsindəki mövqeyini möhkəmləndirib – 33 qol.

Messi həm də futbol tarixində 400-cü assistini edib. Ulduz futbolçu karyerası ərzində “Barselona”da (İspaniya) 269, Argentina millisində 60, PSJ-də (Fransa) 34, “İnter Mayami”də isə 37 məhsuldar ötürmə edib.

Xatırladaq ki, futbol tarixində ən çox qol ötürməsi edən futbolçu Ferens Puşkaşdır – 404. Messinin bu gedişlə əfsanəvi futbolçunu geridə qoyması gözlənilir.

“Neşvil”ə qarşı 3 oyunda 2-ci qələbəsini qazanmış “İnter Mayami” MLS-in 1/4 finalına yüksəlib. Sözügedən komanda növbəti mərhələdə “Sinsinnati” ilə qarşılaşacaq.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 46 oyuna 42 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 85 oyun, 76 qol və 38 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 195 oyun keçirib, 114 qol vurub və 63 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
22
21
arena.az

10Mənbələr