AZ

Azərbaycanın möhtəşəm Zəfər paradı-onların gəlişi...

Azərbaycan noyabrın 8-də Zəfər günü münasibətilə növbəti möhtəşəm paradını keçirdi. Bütün dünyanın diqqəti həmin gün Bakıda idi.

Paradda dünyaya Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının bir daha mesajı verildi. Hər iki dost-qardaş dövlətin rəhbərinin parad üçün paytaxta gəlməsi həm də həmin ölkələrin Azərbaycana verdiyi ən yüksək münasibətin göstərici oldu.

Qeyd edək ki, bundan öncə də Laçında hər üç qardaş dövlətin rəhbərinin görüşü olmuş və eyni mesajlar orada da verilmişdi. Görünən odur ki, Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün biri-birinə münasibəti dəyişmir. Hədəf və məqsəd eynidir.

Paradda əsas diqqətçəkən məqamlardan biri də, iştirak edən hərbi heyətin Xüsusi Təyinatlı Qüvvələr olması və onların sayının 4 mini keçməsi idi.

Azərbaycan Prezidenti İlham Əliyev də paradda möhtəşəm çıxış etdi və ölkəsinin mesajlarını dünyaya çatdırdı.

Onu da vurğulamağı vacib bilirik ki, paradda Pakistan və Türkiyə ali nümayəndə heyətlərindən əlavə gələn yüksək səviyyəli qonaqlar da var idi.

Onlar Slovakiyanın baş nazirinin müavini, müdafiə naziri, Səudiyyə Ərəbistanın müdafiə nazirinin müavini, Serbiyanın Baş qərargah rəisi, Qırğızıstanın və Qazaxıstan müdafiə nazirləri,

Özbəkistanın müdafiə nazirinin  müavini idi.

 Elçin

Milli Məclisin deputatı Elçin Mirzəbəyli 8 noyabr paradını Musavat.com-a belə şərh etdi: "8 Noyabr Zəfər Günü münasibətilə Bakıda keçirilən hərbi parad Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ərazi bütövlüyünün təmin edilməsinin rəmzi olmaqla yanaşı, regionun gələcək siyasi xəritəsinə yön verən hadisə kimi dəyərləndirilə bilər. Paradda Türkiyə və Pakistan liderlərinin iştirakı həm diplomatik, həm də strateji planda mühüm əhəmiyyət daşıyır. Bu iştirak təkcə qardaşlıq münasibətlərinin nümayişi deyil, eyni zamanda beynəlxalq münasibətlər sistemində yeni bir güc mərkəzinin formalaşdığını göstərən geosiyasi mənzərəni nümayiş etdirir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə təkcə hərbi uğur deyil, eyni zamanda ədalətin bərpası, beynəlxalq hüququn prinsiplərinin bərqərar olmasıdır.  Hərbi paradda Prezident İlham Əliyevin öz nitqində vurğuladığı əsas məqam ondan ibarət idi ki, Azərbaycan heç bir xarici təzyiqə boyun əymədən, öz milli maraqlarını qorumaq gücünə malikdir. Bu, artıq yalnız keçmişin deyil, gələcəyin də siyasi doktrinasını ifadə edir".

Deputatın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı çıxışı isə Azərbaycanla Türkiyə arasında strateji müttəfiqliyin müstəqillik, təhlükəsizlik və milli qürur prinsipləri üzərində qurulduğunu bir daha təsdiqləyir: "Ərdoğan vurğuladı ki, Qarabağda qazanılan qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının uğurudur. Bu mesaj  Ankara-Bakı xəttində siyasi, hərbi və iqtisadi koordinasiyanın gələcəkdə daha da dərinləşəcəyinə işarə edir.

Pakistan liderinin paradda iştirakı isə bu prosesə üçüncü strateji ölçü əlavə edir. Pakistanın Cənubi Asiyada və İslam dünyasında oynadığı rol nəzərə alınarsa, onun Azərbaycanın yanında açıq şəkildə dayanması, Qafqaz regionunda yeni bir diplomatik dinamikanın formalaşdığını göstərir. İslamabadın həm hərbi, həm də siyasi dəstək jesti, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirən amillərdəndir. Pakistanın bu prosesdə iştirakı həm də Ermənistanla münasibətlərdə tarixi ədalət prinsipinə sadiqliyin göstəricisidir.

Bu paradda üç ölkə liderlərinin verdiyi mesajların ortaq məxrəci suverenlik, milli iradə və ədalətli beynəlxalq nizam ideyası idi. Bu, yalnız regional maraqların müdafiəsi deyil, həm də dünya siyasətində Qlobal Cənubun səsini yüksəltmək təşəbbüsü kimi dəyərləndirilə bilər. Zəfər paradı göstərdi ki, Azərbaycan təkbaşına qazandığı qələbəni indi kollektiv əməkdaşlıq müstəvisində qorumağa və möhkəmləndirməyə hazırdır.

Bu hadisə həm də simvolik anlam daşıyır. Türkiyə və Pakistan liderlərinin eyni tribunda Prezident İlham Əliyevlə birgə dayanması, beynəlxalq münasibətlər sisteminə yönəlik aydın bir mesajdir: Azərbaycan artıq təkcə regional aktor deyil, həm də Avrasiya məkanında yeni inteqrasiya xəttinin əsas sütunlarından biridir. Qardaş ölkələrin bu birliyinin strateji dayaqları isə ortaq dəyərlər, təhlükəsizlik maraqları və müstəqillik fəlsəfəsidir.

Paradda nümayiş olunan hərbi güc və texnoloji imkanlar Azərbaycanın öz müdafiə qabiliyyətini artırmaq istiqamətində sistemli siyasət apardığını göstərir. Lakin paradın əsas gücü silahların deyil, mənəvi-siyasi həmrəyliyin ifadəsindədir. Bu həmrəylik regionda sabitlik modelinin əsasını təşkil edə bilər. Azərbaycan, Türkiyə və Pakistan arasında dərinləşən əməkdaşlıq nəinki təhlükəsizlik sferasında, həm də iqtisadi, elmi və texnoloji istiqamətlərdə uzunmüddətli perspektivlər açır.

Bu prosesin davamı olaraq, yaxın gələcəkdə üç ölkə arasında müdafiə sənayesi və enerji sektorunda birgə layihələrin artacağı gözlənilir. Nəticə etibarilə, Zəfər Günü paradı Azərbaycanın milli gücünün və diplomatik çevikliyinin bariz nümunəsidir. Türkiyə və Pakistan liderlərinin iştirakı bu qələbənin təkcə hərbi yox, həm də siyasi və mənəvi müstəvidə bölüşüldüyünü göstərir. Bu hadisə, eyni zamanda, gələcək onilliklərdə formalaşacaq regional əməkdaşlıq arxitekturasının yeni və mühüm mərhələsi kimi tarixə düşəcək. Azərbaycan bu prosesdə həm təşəbbüskar, həm də birləşdirici qüvvə kimi çıxış edir".

Cavanşir ABBASLI

Musavat.com

Seçilən
54
musavat.com

1Mənbələr