Samux rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ümumrayon tədbiri keçirilib.
Bayram tədbirində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının xatirəsinə ucaldılmış Samux Şəhidlər Kompleksi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
Kompleksin qarşısında məktəblilərin “Zəfər Günü”nə həsr etdikləri rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə “Tarixi Zəfər” mövzusunda çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qeyd edib ki, müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı dövrünü yaşayır:
“Dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılan və hər günü qəhrəmanlıq dastanına çevrilən Vətən müharibəsində Böyük Qələbə qazanaraq qalib dövlətə çevrildi. Bu gün üçrəngli bayrağımız azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.”
Şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədov və digər çıxış edənlər də xalqımızın dövlət başçısının ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini və birliyini nümayiş etdirdiyini vurğulayıblar.
Tədbir bayram konserti ilə davam edib. İfa olunan hərbi-vətənpərvərlik ruhunda mahnılar tədbir iştirakçılarında yüksək ovqat yaradıb.
Axşam saatlarında isə “Zəfər Günü” münasibətilə möhtəşəm atəşfəşanlıqla Samux səması işıqlanıb.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri