AZ

Loqoped: Azərbaycan dilində keyfiyyətli animasiya istehsalı milli zərurətdir

Artıq 10 ildir ki, uşaqlarla fasiləsiz şəkildə işləyirəm. İllərdir müşahidə etdiyim bir həqiqət var ki, buna susmaq mümkün deyil: Bizim dilimiz bu gün real təhlükə altındadır. Hazırda mənə müraciət edən uşaqların təxminən 80%-i türkcə və ya ümumiyyətlə xarici dilin təsiri ilə formalaşmış nitqə malikdir.

Bu fikirləri loqoped Elvir Mustafazadə AzEdu.az-a danışarkən deyib.

172260

"Valideynlərə “Niyə belədir?” deyə soruşanda isə demək olar ki, hamısı eyni cavabı verir: “Azərbaycan dilində uşaqlar üçün baxmağa heç nə yoxdur. Məcbur qalıb xarici kanallar izlədirik”.

Bu cavab sadə görünə bilər, amma arxasında çox böyük bir problem dayanır. Uşağın nitqinin ən kritik dövrü 0-3 yaş aralığıdır. Mən valideynlərə həmişə deyirəm: Bu yaşda uşağı TV-dən maksimum uzaq tutun. Çünki bu dövr nitqin formalaşmasında həlledici mərhələdir. Amma gəlin real danışaq: bu gün uşağı ekrandan tam ayırmaq mümkün deyil. Valideyn işləyir, ev işi görür, yorulur, diqqəti bölünür… və uşaq da ekrana baxır. Problem ekranın olması deyil. Problem ekrandakı dilin bizim dil olmamasıdır. Bugünkü reallıq budur: Azərbaycan dilində keyfiyyətli, cəlbedici, müasir animasiya kontenti yoxdur. Var olanlar isə çox köhnə, uşağın diqqət ritminə uyğun olmayan, vizual və emosional olaraq zəif materiallardır. Nəticə olaraq uşaq hər gün baxdığı türk və xarici kontentin dilini avtomatik olaraq mənimsəyir: cümlə quruluşunu, intonasiyanı, vurğunu, söz ehtiyatını, düşüncə modelini.

Bu proses artıq başlayıb və genişlənir. Bu, sadəcə nitq gecikməsi deyil. Bu, ana dilimizin təhlükəsizliyi məsələsidir. Əslində isə həll çətin deyil: Uşaqlar üçün Azərbaycan dilində müasir, rəngli, ritmik, emosional və peşəkar şəkildə hazırlanmış orijinal animasiyalar lazımdır. Bu animasiyalar loqoped, psixoloq və pedaqoqların dəstəyi ilə hazırlanmalıdır ki, həm dil, həm də inkişaf yönümlü təsiri olsun. Bu məsələni artıq ertələmək olmaz. Bu, təkcə bir loqopedin yox, cəmiyyətin, dövlət qurumlarının və media sisteminin üzərinə düşən böyük məsuliyyətdir. Əgər bu boşluq indi doldurulmasa, 5-10 ildən sonra ana dilimizin uşaqlar arasında yaşadığı problemlər daha ciddi və daha dərin olacaq. Mən bir mütəxəssis olaraq səsimi çatdırıram: Uşaqlar üçün Azərbaycan dilində keyfiyyətli animasiya istehsalı bu gün lüks deyil, milli zərurətdir".

Seçilən
41
azedu.az

1Mənbələr