BBC-nin baş direktoru Tim Deyvi və “BBC News”un rəhbəri Debora Terness ABŞ Prezidenti Donald Trampın redaktə edilmiş çıxışı ilə bağlı mübahisələrə görə istefa veriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya Yayım Korporasiyası məlumat yayıb.
Daha əvvəl “The Telegraph” məlumat yayıb ki, “Panorama” verlişi Trampın çıxışının iki hissəsini redaktə edərək, onun 2021-ci ilin yanvar ayında Kapitoli iğtişaşlarını açıq şəkildə təşviq etdiyi təəssüratını yaradıb. Bu fonda Britaniyanın müxalif Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok BBC-də istefalara çağırış edib.
Britaniya Yayım Korporasiyası Tim Deyvinin istefasından sonra onun bəyanatını yayımlayıb:
“Bütün ictimai təşkilatlar kimi, BBC də mükəmməl deyil və biz həmişə açıq, şəffaf və hesabatlı olmalıyıq. Bu, yeganə səbəb olmasa da, “BBC News” ətrafındakı mövcud mübahisələr qərarıma təsir edib. Ümumilikdə, BBC yaxşı fəaliyyət göstərir, lakin bəzi səhvlərə yol verilib və baş direktor kimi mən son məsuliyyəti qəbul etməliyəm”.
Debora Terness ayrıca bir açıqlamada baş verənlərə görə məsuliyyətin onun üzərində olduğunu bildirib.
Qeyd edək ki, Tim Deyvi BBC-də 2005-ci ilin aprel ayından, 2020-ci ilin sentyabr ayından isə baş direktor vəzifəsində çalışırdı.