AZ

Üçrəngli bayrağı SSRİ-yə gətirən güneyli soydaşımız: "Bakıda təəccübləndilər"

Güney Azərbaycandan olan və Almaniyada çalışan diş həkimi Nurəddin Qərəvi 1950-ci illərdə ilk dəfə Azərbaycanın üçrəngli bayrağı ilə necə tanış olması barədə danışıb.

Modern.az xəbər verir ki, Nurəddin Qərəvi TRT Avaz-a müsahibəsində Azərbaycanda böyük coşğu ilə qeyd olunan 9 Noyabr Dövlət Bayrağı Günü ərəfəsində maraqlı məlumatlar açıqlayıb

Üçrəngli bayraq ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən qaldırılıb və 1991-ci ildə ölkəmiz müstəqillik qazandıqdan sonra yenidən dalğalanmağa başlayıb.

Güney Azərbaycandan olan Nurəddin Qərəvi bayrağın çoxlarına bilinməyən hekayəsini bölüşüb.

Rəsulzadənin irsi və nişan hekayəsi

68 yaşlı Nurəddin Qərəvi bildirib ki, üçrəngli bayraqla ilk dəfə 1950-ci illərdə qarşılaşıb.

O, İstanbulda tibb təhsili alan böyük qardaşı Məhəmməd Həsənin 1952-ci ildə Təbrizə gətirdiyi hədiyyəni belə təsvir edib:

“Qardaşım 1950-ci illərdə Türkiyənin İstanbul şəhərində tibb təhsili alırdı. Mən o vaxt uşaq idim və doğma şəhərim Təbrizdə məktəbndə oxuyurdum. Bir gün qardaşım İstanbuldan Təbrizə gəldi və mənə bir hədiyyə gətirdi: gödəkçəsinin yaxasına taxdığı mavi, qırmızı və yaşıl rəngçli metal nişan. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı idi. O dövrdə müsəlman, Şərq və Türk dünyasında ilk respublikanın qurucusu Məhəmməd Əmin Rəsulzadə Ankarada yaşayır və ictimai, siyasi və ədəbi fəaliyyətlə məşğul olurdu. Onun vasitəsilə bu üçrəngli bayraq nişanları əldən-ələ ötürülürdü. 1 fevral 1949-cu ildə Rəsulzadə paytaxt Ankarada Azərbaycan Kültür Dərnəyini qurdu. 1952-ci ildə dərnəyin İstanbuldakı iclaslarından birində bu nişanı qardaşıma Rəsulzadə hədiyyə etmişdi”.

“Bakıda təəccübləndilər”

“Tale məni də bir gün təhsil üçün Türkiyəyə apardı. İstanbul Universitetinin Stomatologiya fakültəsini bitirdikdən sonra (1970-1976) Almaniyaya köçdüm. Bonn Universitetində tədqiqatçı köməkçisi kimi işləməyə başladım və orada ixtisas dərəcələri aldım. Daha sonra öz stomatoloji klinikamı açdım və bu gün də xəstələrə həkim kimi xidmət göstərirəm.

Sovet dövründə Almaniyadan Bakıya səyahət etdim. Xalq şairi Süleyman Rüstəm və Yazıçılar Birliyindən olan bir çox Azərbaycan ziyalısı ilə söhbətlərimiz zamanı həmin üçrəngli Azərbaycan bayrağı əks olunmuş nişanı onlara ümayiş etdirdim. Qardaşımın Rəsulzadə ilə bağlı xatirələrini də bölüşdüm. Hamısı təəccübləndi və soruşdular: “Bizdə heç belə bir bayraq olubmu?”

Nurəddin Qərəvi bildirib ki, Sovet Azərbaycanı xalqı o dövrdə Xalq Cümhuriyyətindən və onun bayrağından xəbərsiz idi.

“1988-ci ildə, Azərbaycanın qarışıq dövrlərində mən yenidən Bakıya getdim. Dövlət xadimi Əbülfəz Elçibəylə də görüşüb söhbətləşdim. Radio, televiziya və qəzetlərdə çıxışlarım oldu”, - deyə o bildirib.

Diaspor fəaliyyəti

Stomatoloji karyerasını Almaniyada davam etdirən Nurəddin Qərəvi i milli vətənpərvər kimi diaspor fəaliyyətilə də məşğul olub. O, Bonnda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edib və 24 il ərzində (1984-2008) “Anadil” (Ana dili) qəzetinin 288 sayını nəşr etdirərək onları Cənubi və Şimali Azərbaycana, Türkiyəyə, Kanadaya, ABŞ-a və bir çox Avropa ölkəsinə paylayıb.

N.Qərəvi həmçinin müasir Azərbaycanla bağlı mühüm təkliflər irəli sürüb:

“Vətənimiz Azərbaycan, xüsusən də Qarabağ Universiteti Almaniyadakı stomatoloji klinikalardan faydalana və alman, Britaniya, Amerika və türk mütəxəssislərini cəlb edə bilsəydi, çox gözəl olardı. Bu, həm siyasi, həm də elmi cəhətdən faydalı olardı. Ümid edirəm ki, xaricdə yaşayan Cənubi və Şimali azərbaycanlılar da Qarabağ Universitetinə maraq göstərəcəklər. İnanıram ki, bu universitet bir gün dünyanın ən böyük elm mərkəzlərindən birinə çevriləcək".

9 noyabr Azərbaycan Bayrağı Günü münasibətilə hisslərini ifadə edən Nurəddin Qərəvi çıxışını "Yaşasın Azərbaycan dövləti və onun 50 milyon əhalisi! Qoy Azərbaycan bayrağı həmişə səmalarda dalğalansın! Türklərin müstəqilliyi əbədi və ölməz olsun!" arzusu ilə yekunlaşdırıb.

Seçilən
25
1
modern.az

2Mənbələr