AZ

İslamiada: üzgüçü qızlarımız bürünc medallar qazanıb

AzVision.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Fatimə Alkərəmova jurnalistlərə açıqlamasında belə deyib.

O, Azərbaycana daha çox medal gətirməyə çalışacaqlarını bildirib: “Estafet yarışında əlimizdən gələni etdik. İnanıram ki, digər estafetlərdə daha yaxşı nəticə göstərəcək, fərdi olaraq da medallar qazanacağıq”.

Fatimə Alkərəmova İslamiadaya hazırlıq dövründə çox çətin yol qət etdiklərini vurğulayıb: “Ağır məşqlərimiz oldu. Bilirsiniz ki, yığmaya yeni məşqçilər gəlib. Eləcə də Rəşad Əbdürəhmanov bizə çox kömək etdi. Hazırlıq dövründə artıq hansı məsafələrdə medallar qazana biləcəyimizi müəyyənləşdirmişdik”.

Yığmanın digər üzvü Mehri Əbdürrəhmanlı isə deyib ki, yarışda 3-cü yeri tutmaq komanda üçün çox önəmli idi: “Bu nəticə üçün çox çalışmışdıq. Üzərimizdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Qarşıda daha bir neçə yarışımız var. İnanıram ki, komandamız möhtəşəm çıxışla medallarımızın sayını artıracaq. Çünki biz bunun üçün çox ciddi hazırlıq keçmişik”.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

AzVision.az


Seçilən
51
azvision.az

1Mənbələr