AZ

Ürəyi 35 dəqiqə dayanan kişi möcüzəvi şəkildə həyata qaytarıldı

İzmirdə ürəyi tam 35 dəqiqə dayanan 49 yaşlı İlker Hamurişçi “soyutma terapiyası” adlı müasir tibbi üsul sayəsində həyata qaytarılıb.

E-saglam.az xəbər verir ki, həkimlər bu hadisəni tibbin sərhədlərini aşan bir möcüzə adlandırırlar.

Torbalıda yaşayan Hamurişçi 29 oktyabrda şiddətli sinə ağrısı ilə xəstəxanaya yerləşdirilib. Ürək tutması keçirdiyi müəyyən edildikdən sonra həkimlər 35 dəqiqəlik reanimasiya aparsalar da, vəziyyəti kritik olaraq qalıb. Daha sonra o, Səhiyyə Elmləri Universitetinin İzmir Tepecik Təlim və Araşdırma Xəstəxanasına köçürülüb, burada isə mütəxəssislər onun bədən istiliyini xüsusi nəzarət altında aşağı salıblar. Bu üsul sayəsində beyin hüceyrələri oksigen çatışmazlığından qorunub və xəstə tam şüurlu şəkildə həyata dönüb.

Anesteziologiya və Reanimasiya Mütəxəssisi Prof. Dr. Aykut Sarıtaş bildirib ki, nəzarətli soyutma beynin oksigen istehlakını azaldır və hüceyrə zədələnməsinin qarşısını alır: “35 dəqiqəlik ürək dayanmasına baxmayaraq, xəstənin beyin funksiyası tam qorundu. O, indi tam şüurlu və sağlam vəziyyətdədir”.

İlker Hamurişçi yaşadığı hadisəni belə xatırlayır: “Heç nə yadımda deyil. Sadəcə bel ağrısı hiss etdim, sonra hər şey qaranlıq oldu. Həkimlər məni həyata qaytardılar, bu, əsl möcüzədir”.

Həkimlərin sözlərinə görə, soyutma terapiyası ürək dayanmasından sonra beyni qorumağın ən effektiv yollarından biridir. Tepecik Xəstəxanasında eyni üsulla müalicə olunan digər xəstələr də sağalıb. Mütəxəssislər hesab edirlər ki, bu metodun vaxtında tətbiqi bir çox insanın həyatını xilas edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
23
e-saglam.az

1Mənbələr