AZ

Hərbi parad Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının təntənəsidir ŞƏRH

Bakı, 10 noyabr, AZZƏRTAC

Vətən müharibəsində Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən hərbi parad Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu parad Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, mövcud siyasi münasibətlər sistemi haqqında da dünyaya mesaj oldu: “Bakıda keçirilən hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri iştirak etdi, ordumuzun arsenalındakı müasir silahların bir hissəsi ictimaiyyətə nümayiş olundu. Bu parad göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən qabaqcıl orduları sırasındadır. Həmçinin ordumuzun vətənpərvərlik ruhu, döyüş əzmi ilə yanaşı, hərbi-texniki təchizatı olduqca yüksək səviyyədədir”.

Polkovnik Cəlil Xəlilov bildirib ki, diqqəti cəlb edən məqamlardan biri də Türkiyə və Pakistan liderlərinin bu paradda iştirak etməsi oldu: “Paradda Türkiyə və Pakistan hərbçilərinin keçidi, Türkiyənin “Bayraktar Akıncı” PUA-larının, F-16-ların, silahlanmaya yeni qəbul edilən Pakistan istehsallı “JF-17” qırıcılarının da səmada havalanması tamaşaçılar tərəfindən böyk maraqla qarşılandı.

Paradda çıxış edən Türkiyə Prezidenti bəyan etdi ki, ölkəsinin Azərbaycanla birliyi daha da güclənəcək, ikitərəfli münasibətlər bundan sonra da dinamik şəkildə inkişaf edəcək.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycanla qardaşlıq münasibətlərindən məmnunluğunu dilə gətirib, ölkəsinin istehsal etdiyi “JF-17” qırıcılarını, bu qırıcıların Bakı səmansında uçuşunu Azərbaycan-Pakistan dostluğunun rəmzi kimi xarakterizə edib.

Xatırladım ki, cari ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilib, həmin görüşdə üçtərəfli münasibətlərin inkişafı, terrorizmə qarşı birgə mübarizə, bütün sahə və istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsi və digər məsələlərlə bağlı ortaq mövqe sərgilənib. Hərbi paradda Azərbaycanla yanaşı, Türkiyə və Pakistan hərbçilərinin iştirakı göstərdi ki, liderlərin Laçın görüşündəki birlik mesajları praktiki müstəvidə reallaşmaqda, birmənalı şəkildə öz əksini tapmaqdadır.

Əminəm ki, bu hərbi parad bütün anti-Azərbaycan, anti-türk qüvvələri üçün çəkindirici mesaj olacaq, üç dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da inkişafı üçün təkan rolunu oynayacaq”.

Seçilən
25
4
azertag.az

5Mənbələr