AZ

8 noyabr Zəfər Paradı-xalqımızın birlik rəmzi, dövlətimizin qüdrətinin təcəssümü



“2025-ci, 8 noyabr tarixində keçirilən tarixi zəfərin 5 illiyinə həsr olunmuş hərbi parad bu möhtəşəm qələbənin davamlılığını, xalqımızın və dövlətimizin sarsılmaz iradəsini bir daha nümayiş etdirdi. Bu parad təkcə keçmişin şanlı səhifəsini yad etmirdi, eyni zamanda gələcəyə yönəlik bir mesaj idi. Mesaj da ondan ibarət idi ki, Azərbaycan xalqı bu gün artıq öz taleyinin sahibi, regionda sülhün və inkişafın təminatçısı olan güclü bir dövlətdir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, bu Zəfər və onun ildönümü xalqımızın birlik rəmzidir, dövlətimizin qüdrətinin təcəssümüdür. Eyni zamanda gələcək nəsillər üçün qürur və ilham mənbəyidir.

Dövlət başçısının paradda etdiyi çıxış zaman diqqət etdiyi məqamlara toxunan ictimai birlik sədri qeyd edib ki, Azərbaycan Lideri çıxışı zamanı vacib mesajlar səsləndirib:

“Geniş məzmunlu və əhatəli, vacib mesajları ilə zəngin olan çıxışı zamanı Prezident İİham Əliyev bildirdi ki, ordunun gücləndirilməsi, onun ən müasir silahlarla təchiz olunması və iqtisadi sabitlik Qələbəyə gedən yolda əsas amillərdən biri idi. Eyni zamanda dövlət-xalq birliyi və vətənpərvərlik ruhu da 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən vacib amillər sırasında idi”.

Arzuman Muradlı paradda Türkiyə prezidenti və Pakistanın baş nazirinin iştirakına da diqqət çəkib. Bildirib ki, tarixi Zəfərin 5 illiyinə həsr olunmuş paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı sadəcə bir diplomatik jest deyildi, bu Azərbaycan–Türkiyə–Pakistan birliyinin və strateji dostluğunun parlaq təzahürü idi:

“Türkiyə Prezidentinin paradda iştirakı Azərbaycan–Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Ərdoğan və Əliyev arasındakı siyasi, hərbi və mənəvi həmrəylik, xüsusilə 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi dəstək, bu gün regional sabitliyin əsas dayaqlarından biridir. Bu həm də o deməkdir ki, Azərbaycan tək deyil — onun arxasında güclü, dost və qardaş Türkiyə dayanır.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya gəlişi və Pakistan hərbçilərinin ilk dəfə olaraq Azərbaycan paradında iştirakı haqlı olaraq tarixi hadisə kimi qiymətləndirilir. Pakistan, Ermənistanı tanımayan azsaylı ölkələrdən biri kimi, Azərbaycanın haqq işini həmişə müdafiə edib. Azərbaycan-Türkiyə-Pakistan birliyi regionda yeni güc balansının formalaşdığını nümayiş etdirir”.

Arzuman Muradlı qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan xalqlarını birləşdirən dəyərlər, islam, qardaşlıq, ədalət və müstəqillik ruhu bu paradda da aydın şəkildə hiss olundu:

"Paradda Türkiyə və Pakistan liderlərinin iştirakı bir daha sübut etdi ki, Azərbaycan təkcə öz hərbi gücü ilə deyil, həm də dost və qardaş ölkələrlə qurduğu sarsılmaz ittifaqla güclüdür. Bu üç dövlətin birliyi — tarixə, ortaq dəyərlərə və gələcəyə söykənən sülh, həmrəylik və inkişaf modelidir".

Süleyman
Seçilən
51
1
newscenter.az

2Mənbələr