AZ

Azərbaycan–Əlcəzair münasibətlərindən bəhs edən kitabın təqdimatı olub

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı səfirliyində “Azərbaycan–Əlcəzair münasibətləri: dünən və bu gün” adlı kitabın təqdimat mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Əlcəzairdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, səfirlər və diplomatlar, Əlcəzair Xarici İşlər Nazirliyinin nümayəndələri, yerli ictimai-siyasi xadimlər, ziyalılar, eləcə də Azərbaycan diasporunun üzvləri və həmvətənlərimiz iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev qonaqlara bu əlamətdar tədbirdə – iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinə həsr olunmuş kitabın təqdimatında iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Səfir çıxışında qeyd edib ki, bu nəşr təkcə bir kitabın təqdimatı deyil, həm də Azərbaycan və Əlcəzair arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin tarixi salnaməsidir. O vurğulayıb ki, hər iki xalq azadlıq və müstəqillik uğrunda eyni dəyərləri bölüşür, suverenlik və milli iradə prinsiplərinə sadiq qalaraq öz dövlətlərini qurmuşdur. Bu oxşarlıq iki xalq arasında arasında qarşılıqlı anlaşma və həmrəyliyin təbii təməlini formalaşdırır.

Diplomat bildirib ki, kitabda Azərbaycan–Əlcəzair münasibətlərinin müxtəlif mərhələləri, diplomatik əlaqələrin qurulmasından başlayaraq bu günə qədər əldə olunan nəticələr, siyasi, iqtisadi və mədəni əməkdaşlıq istiqamətləri geniş şəkildə əksini tapıb. Əsər həm tarixi faktlara, həm də diplomatik təcrübəyə əsaslanaraq iki ölkə arasında tərəfdaşlığın inkişaf dinamikasını və gələcəyə yönəlmiş perspektivləri nümayiş etdirir.

Səfir bu kitabın gələcək nəsil diplomatlar, tədqiqatçılar və ictimai xadimlər üçün mühüm elmi və tarixi mənbə rolunu oynayacağını bildirib, əsərin hazırlanmasında əməyi olan müəlliflərə, redaktorlara və layihənin həyata keçirilməsinə dəstək göstərən AİDA-ya təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən kitabın müəllifi, Əlcəzairdə “Osmanlı araşdırmalar Fondu“nun sədri professor Şəkip də kitabın elmi və diplomatik baxımdan əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu nəşr Azərbaycan–Əlcəzair münasibətlərinin öyrənilməsi baxımından mühüm mənbə rolunu oynayır. O, kitabın iki ölkə arasında dostluğun və qarşılıqlı anlayışın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Şəkip, həmçinin iqtisadi və mədəni əlaqələrin inkişafı üçün yeni imkanların yarandığını, Azərbaycan şirkətlərinin Əlcəzair bazarına marağının artdığını, enerji, təhsil, turizm və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq potensialının geniş olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycan–Əlcəzair münasibətləri son illərdə dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və dostluq əlaqələri sayəsində daha da möhkəmlənib. İkitərəfli görüşlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək bu münasibətlərin strateji səviyyəyə yüksəlməsinə səbəb olub.

Tədbir Əlcəzairin nüfuzlu xəbər portallarında geniş şəkildə yayımlanıb.

Seçilən
58
1
azertag.az

2Mənbələr