AZ

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 11 noyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə “Majestic Passy” konsert zalında Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Qələbə Ritmləri” adlı musiqi gecəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Parisdə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, tanınmış siyasi-ictimai xadimlər, incəsənət və mədəniyyət xadimləri, beynəlxalq nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Fransada yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva konsert proqramından əvvəl çıxış edərək, Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət daşıdığını, bu günün ölkəmizin tarixində qürur və şərəf səhifəsi kimi qeyd olunduğunu bildirib. Səfir Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan Zəfər Gününün xalqımızın birliyi, əzmkarlığı və mübarizliyinin simvolu olduğunu vurğulayıb.

“Bu axşam keçirilən “Qələbə Ritimləri” adlı konsert – qürurun, yaddaşın və zəfərin simvoludur. Bu səhnədə səslənən musiqi və nümayiş olunan rəqslər bir xalqın- torpağı, azadlığı və şərəfi uğrunda ayağa qalxan, cəsarətli Azərbaycan xalqının hekayəsini danışır”, - deyə L. Abdullayeva bildirib. O, qeyd eidb ki, 2020-ci ildə Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixində unudulmaz bir səhifə- Zəfər, Qayıdış və Ədalətin bərpası səhifəsini yazdı. O gündən bəri, hər bir musiqi notunda, hər bir rəqs addımında bu qələbənin ruhu yaşayır.

Səfir Leyla Abdullayeva qeyd edib ki, Parisdə təqdim olunan bu konsert – Azərbaycanla Fransa arasında mədəni dialoqun möhkəmləndirilməsi, zəngin irsimizin gözəlliyinin paylaşılması və ənənələri ilə tam harmoniya içində olan müasir Azərbaycanın tanıdılması məqsədi daşıyır.

“Qoy bu “Qələbə Ritimləri” konserti yaradıcılığa, dostluğa və sülhə ehtiram olsun, Azərbaycan və Fransa xalqlarının qəlblərini birləşdirsin.

Yaşasın mədəniyyət! Yaşasın sülh! Yaşasın Müzəffər Azərbaycan!”, - deyə səfir tədbir iştirakçılarını Azərbaycan musiqisi və rəqslərini dinləməyə dəvət edib.

Azərbaycan mədəniyyətinin gənc səfirləri - “Ritm” Rəqs Qrupu və Mirsəməd Novrəsli (piano) milli rəqslərimizi və musiqimizi təqdim ediblər.

2011-ci ildə yaradılmış və mədəniyyətimizin ən qədim sahələrindən biri olan rəqs sənətinin ənənələrini qoruyub saxlayan, onu gənc nəslə ötürən və dünyanın müxtəlif ölkələrində tanıdan “Ritm” rəqs qrupu “Qaytağı”, “Sarı gəlin”, “Vağzalı”, “Çay”, “İgidlər”, “İnnabı”, “Nağara”, “Uzundərə”, “Fantaziya” və “Yallı” kimi rəqslərimizlə tamaşaçılara milli musiqimizin ritmlərini, rəqslərimizin coşqusunu və enerjisini yaşadıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
1
azertag.az

2Mənbələr