AZ

Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq MÜSAHIBƏ

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Natiq bəy, Ermənistanda II Qarabağ müharibəsindəki məğlubiyyətin 5-ci ili fonunda gələn il keçiriləcək seçkilərə hazırlıqla bağlı gərgin ab-hava hökm sürür. Bu açıq seçki yarışı ilə bağlıdır yoxsa, başqa detallar da mövcuddur?

- Azərbaycanın II Qarabağ müharibəsindəki qələbəsinin 5 illiyi Ermənistanda daxili diskussiyanı bir daha qızışdırdı. Keçmiş prezidentlər, məmurlar günahı Baş nazir Nikol Paşinyanın üzərinə yıxmağa çalışdılar. Müharibənin və məğlubiyyətin əsas səbəbkəri kimi onu göstərdilər. Bununda səbəbi təbii ki, gələn il Ermənistanda keçiriləcək parlament seçkiləridir. Gələn ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək və indidən bununla bağlı tərəflər açıq müstəvidə mübarizəyə başlayıb. Bu da sözsüz ki, qarşılıqlı ittihamlar və bir-birinin mövqeyinin zəiflədilməsi fonunda baş verir.

- Özünə qarşı daxildə bu cür təzyiqlər fonunda Paşinyanın mövqeyi necədir?

- Baş verənlər fonunda Paşinyan daxili diskusda daha üstün görünür. Çünki 2018-ci ildə hakimiyyətə gələn baş nazirin 2020-ci ildəki 44 günlük müharibədə məğlubiyyətin səbəbkarı ola bilməz. O da bu fürsətdən məharətlə istifadə etdi. Uzun illər Ermənistanda hakimiyyətdə olmuş “Qarabağ klanı”nın korrupsiya və digər məsələlərin düzgün qurulmaması ilə bağlı rəqiblərinin üzərinə getdi. Ona görə də nə qədər gərginlik olsa da, bu prosesdə Paşinyanın üstün çıxmaq ehtimalı daha çoxdur. Məntiq də onu deyir ki, o iki illik hakimiyyəti dövründə ordunu hazırlaya bilməzdi. Azərbaycan Prezidenti də bir neçə dəfə bəyan edib ki, “biz Köçəryan-Sarkisyan ordusunu məğlub etdik”. Yəni, bu deyim Ermənistanda geniş yayılır.

- Seçkilərdə Paşinyana qarşı müəyyən koalisiyaların qurulması ehtimalı varmı?

- Bu ehtimal var. Amma yaranmış vəziyyəti indidən də proqnozlaşdırmaq mümkündür. Köhnə komandanın üzvlərindən istənilən şəxsin gələn ilki parlament seçkilərində Paşinyana qarşı əsas rəqib olmaq şansı yoxdur. Çünki erməni cəmiyyəti onları qəbul etmir. Hazırda Paşinyanın reytinqi aşağı olsa belə, rəqiblərinin şansları daha zəifdir.

- Kənar faktorların prosesə müdaxilə etmək ehtimalı necə dəyərləndirilir?

- Kilsəni, diasporu, Rusiyadakı erməni oliqarxları, milyonçuları işin içinə qatmağa çalışdılar. Amma hər bir halda görünən odur ki, hələlik Paşinyanın reytinqi azalsa da, sorğularda daha öndə gedir.

- Paşinyan seçkiyə hansı devizlə qatılmağa çalışır?

- Sözsüz ki, onun əsas istiqaməti olacaq. Paşinyan gələn ilki parlament seçkilərinə “Müharibəmi, sülhmü?” şüarı ilə qatılmaq niyyətindədir. O demək istəyir ki, “biz seçkidə qalib gəlsək, sülh olacaq, regional kommunikasiyalar açılacaq və s”. Əgər revanşistlər hakimiyyətə gələcəklərsə, bu Ermənistan üçün növbəti müharibələrin anonsu deməkdir. O da vurğulanır ki, növbəti müharibələr üçün Ermənistanın heç bir şansı yoxdur. Azərbaycan-Türkiyə ittifaqı ilə və Azərbaycanın öz ordusu ilə Ermənistanın baş-başa gəlməsi, müqavimət göstərməsi mümkün deyil. Bu baxımdan seçki nə qədər gərgin olsa belə, sülh və ya müharibə seçimi yekunda Paşinyana üstünlük qazandıracaq.

- Azərbaycanın öz ərazisindən Ermənistana göndərilən taxıl üçün keçidə razılıq verməsi prosesə necə təsir edir?

- Əslində rəsmi Bakının İrəvana olan bu jesti erməni cəmiyyətində şok effekti yaratdı. Hətta bu məsələni belə tənqid etməyə çalışdılar. Amma Paşinyanın tərəfdarları bununla bağlı əks arqumentlərlə çıxış etdilər ki, “Azərbaycanla birlikdə regionda mühüm kommunikasiyalar açılırsa, bu Ermənistana fayda gətirirsə, sizin problemləriniz nədən ibarətdir?" Ona görə də Azərbaycanın bu jesti kifayət qədər düşünülmüş gediş idi. Paşinyanın da əlinə pozitiv bir arqument verildi. Ermənistanın iqtisadi və logistik dalandan çıxarılması üçün atılan bu addım mühüm fürsət kimi dəyərləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
moderator.az

3Mənbələr