AZ

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukraynaya silah təchizatı artıq ABŞ tərəfindən maliyyələşdirilmir, Vaşinqton bunun üçün NATO vasitəsilə maliyyə alır.

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. “Artıq Kiyev üçün silahlara pul xərcləmirik. İndi NATO vasitəsilə ödəniş alırıq”, - Tramp bildirib.

Qeyd edək ki, bu, Tramp administrasiyasının Ukraynaya birbaşa maliyyə dəstəyindən imtina etdiyini və məsuliyyətin daha çox NATO üzərinə ötürüldüyünü göstərir. Yeni mexanizmə əsasən, Ukraynaya silah və hərbi texnika tədarükü üçün vəsait NATO üzvü olan Avropa ölkələrinin hesabına formalaşır. Tramp administrasiyası isə bildirir ki, bu dəyişiklik NATO daxilində ədalətli yük bölgüsünü təmin etmək və müttəfiqlərin hərbi məsuliyyətini artırmaq məqsədi daşıyır.

Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Donald Trampın açıqlaması əslində yeni deyil:

"O, ikinci dəfə hakimiyyətə gələndən sonra bildirib ki, Ukraynanı birbaşa maliyyələşdirməyi düşünmür, amma Ukraynaya silah satılmasını da əngəlləmək niyyətində deyil. Tramp bunun əvəzinə yardımların Avropa ölkələri və NATO vasitəsilə həyata keçirilməsində maraqlıdır. Beləliklə, Ağ Evin sahibinin bu yanaşması bir tərəfdən ABŞ-ni birbaşa böyük maliyyə öhdəliklərindən azad edir, digər tərəfdən Avropa və NATO ölkələrinin xərcləri hesabına öz silah və hərbi texnikasını onlara satmaq imkanı yaradır ki, bundan da iqtisadi gəlir əldə olunur. Bu, nəticə etibarilə Ukraynanın müdafiə qabiliyyətinə müəyyən mənada mənfi təsir göstərə bilər. Çünki Bayden administrasiyası dövründə Ukrayna ABŞ-dən və müttəfiqlərdən yüz milyard dollar səviyyəsində maliyyə və əhəmiyyətli hərbi yardım almışdı. İndi isə bu bir mərhələ bitir və yeni bir mərhələ başlayır. Eyni zamanda Trampın Avropa İttifaqı ilə imzaladığı sazişlər Avropanı təşviq etməklə həm onların iqtisadi problemlərini, həm də alternativ enerji resurslarının satışını nizamlayır. Beləliklə, Avropanın maliyyə imkanları və onun vasitəsilə həyata keçirilən alışlar dolayısı ilə Ukraynaya yönəldilə bilər. Birbaşa hərbi dəstək daha məqsədəuyğun olardı, amma dolayısı ilə dəstək Ukraynanın ehtiyaclarını müəyyən qədər ödəyə bilər. Digər tərəfdən, Trampın təzyiqləri NATO üzvlərini öz müdafiə xərclərini artırmağa məcbur edir. O, ölkələrdən ümumi daxili məhsulunun (ÜDM) 5%-inə qədər hərbi xərclərə yönəlməsini tələb edir. Bir çox ölkə əvvəlcə buna ehtiyatla yanaşsa da, ABŞ Prezidentinin təzyiqləri nəticə verir və Avropa ölkələri müdafiə büdcələrini artırmaqla bağlı qərarlar qəbul edirlər. Bunun bariz nümunəsi iyunda keçirilən NATO sammitində üzvlərin 2035-ci ilə qədər ÜDM-in müəyyən hissəsini müdafiəyə ayırmaq öhdəliyi götürmələridir".

Analitik əlavə edib ki, Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər:

"Amma əsas məsələ Avropa və NATO ölkələrinin Ukraynaya davamlı və birbaşa dəstək göstərməsidir. Əgər onlar maliyyə vəsaitlərini xərcləyəcək və öhdəliklərinə sadiq qalacaqlarsa, Ukraynanın müdafiə potensialını qorumaq üçün kifayət qədər imkanlar qalacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
sherg.az

1Mənbələr