AZ

Onlar da Bakıda “Azəriçay”dan dadacaqlar…

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünən özgə kölgəsində “qızınanların” bu gün canlarına üşütmə düşüb

Nə qədər uzaqdan yola çıxsa da, haqq gec-tez gəlib öz yerini tapir. Bunu tarix dəfələrlə göstərib və sübuta yetirib. Son 30 ildə Cənubi Qafqazda cərəyan edən hadisələrin xronologiyası və mahiyyəti bunu bir daha nümayiş etdirmiş oldu.     

“Mən bunu demişəm, bir daha demək istəyirəm, biz heç vaxt bu vəhşiliyi, bu pisliyi unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik, gücümüzü ancaq Ermənistan ordusunu məhv etmək üçün səfərbər etmişdik. Onlar isə əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər”. Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri 8 ay bundan əvvəl Ağdərəyə səfəri zamanı Suqovuşanda yeni kompleksin istifadəyə verilməsi mərasimində deyib. Dövlət başçımızın sakinlərlə görüşdə erməni terrorçuların Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərə, insanlıqla bir araya sığmayan vəhşiliklərə toxunması təsadüfi deyildi. 

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşəndə, bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınanda dünya birliyi, sanki, kar və kor olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev regional və beynəlxalq səviyyələrdə keçirilən bütün tədbirlərdə xalqımızın məruz qaldığı məhrumiyyətləri, ona qarşı törədilən hərbi cinayətləri, Xocalı soyqırımını, Ermənistanın dövlət səviyyəsində etnik təmizləmə siyasəti apardığını dəfələrlə bəyan edib. 

“Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Ermənistan başına gələnlərdən düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı”. Bu sözləri Prezident İlham Əliyev Xankəndidəki revanşist-separatçı tör-töküntünün Azərbaycanı yeni müharibə ilə hədələmələri kontekstində bildirib. Dövlət başçımızın üstündən səkkiz ay keçəndən sonra, noyabrın 8-də Bakının “Azadlıq” meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı dedikləri həmin mesajın ardı olmaqla yanaşı, erməni hərbi cəlladları üçün hazırlanan son aqibətin ismarıcı sayılmaldıır: “Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.

İlham Əliyevin çıxışında verdiyi mesajların ünvanları bu gün hər bir azərbaycanlıya məlumdur. Onlara qonaqpərvərliklə qucaq açmış Qarabağın suyunu içib, çörəyini yeyib, sonda ona naxələf çıxmış həmin “üçlüy”ü xalqımız çox yaxşı tanıyır. “Üçlüy”ün üzvlərindən biri – Xocalıda soyqırımı törədən 366-cı motoatıcı alayın batalyon komandiri, işğaldan sonra separatçı qurumun, daha sonra isə Ermənistanın müdafiə naziri olmuş, Füzulidə Fransalı hərbi mütəxəssislərin layihəsi əsasında qurulmuş yeraltı istehkamları öz adına “keçilməz Ohanyan səddi” adlandıran, 2020-ci ilin noyabrın əvvəllərində, Vərən müharibəsinin gedişində başının dəstəsi ilə Şuşanın “müdafiəsinə gələn”, amma rəşadətli Azərbaycan Ordusunun qarşısından tülkü kimi qaçıb aradan çıxan Seyran Ohanyandır. İndi barəsində korrupsiya və digər qanunsuz əməllərinə görə məhkəmə araşdırması davam etdirilir. 

İkincisi – Xankəndidəki separatçı rejimin “xaç atası” sayılan, 1998–2008-ci illərdə Ermənistana rəhbərlik etmiş “Qarabağ klanı”nın ilk nümayəndəsi, Qarabağın ətrafında işğal etdikləri və “bufer zona” adlandırdıqları 7 rayonu heç vaxt Azərbaycana qaytarmayacağına “and içən” Robert Koçaryandır. Həmin Koçaryan ki, 1999-cu il oktyabrın 11-də Sədərək rayonunda Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşündə diplomatiya dahisinin dəmir məntiqi və siyasi qətiyyəti qarşısında Ermənistan silahlı birləşmələrinin işğal etdiyi 7 rayondan qeyd-şərtsiz çıxmasına razılığını bildirmişdi. Amma 16 gün sonra, o, verdiyi sözün altından qaçmış və belə bir razılaşmanın olduğunu danmışdı. Hazırda onun barəsində də İrəvan Məhkəməsində prezidentliyi dövründə baş vermis qanlı olaylarda iştirakı, eləcə də korrupsiya əməllərinə görə açılmış cinayət işi üzrə dinləmələr aparılır.

“Üçlüy”ün üçüncüsünün Qarabağda dinc əhaliyə qarşı törədilən qanlı cinayətlərdə əlinin olması bir yana, Xocalı qətliamı ilə bağlı ingilis jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində dedikləri ən ağır cəzaya məhkum olunması üçün yetərlidir. Xocalı soyqırımı zamanı separatçı rejimin müdafiə naziri olmuş, sonra Ermənistanın prezidenti postuna (2008–2018) yiyələnmiş Serj Sarkisyanın sözlərinə diqqət edin: “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”. Onun  bu etirafı törədilmiş qətliamın heç də təsadüf olmadığına, məhz soyqırımı cinayəti kimi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılaraq icra olunduğuna heç bir şübhə yeri qoymur. 

Əlləri soydaşlarımızın, günahsız dinc əhalinin qanına bulaşmış bu üzdəniraq “üçlük” barədə ona görə bir qədər ətraflı məlumat veririk ki, onlar sabah, ya birisigün Bakıda ədalət mühakiməsi qarşısında dayananda oxucularımız əziyyət çəkib bu hərbi cinayətkarların “dosyelərini” axtarmasınlar. Hərçənd bu gün baş nazirə qarşı gizli koalisiya qurmuş Koçaryan–Sarkisyan–Ohanyan triosunun məqsədi Ermənistanda hakimiyyəti yenidən ələ keçirməkdən daha çox yuxarıda bir qismini sadaladığımız hərbi cinayətlərə görə Femidanın qarşısına çıxarılacaqlarından keçirdikləri xof və qorxu, layiq olduqları acı aqibətdən yayınmaq kimi əbəs cəhdlərdir.        

Sonda bir məsələni də qeyd etməyə ehtiyac duyuruq. Ermənistanın İkinci Qarabağ müharibəsi dövrünün generaliteti kənardan ehtiyac duyduqları heç bir hərbi yardımı almadıqlarını deyərkən gözlərinin içinə kimi yalan danışır, ikiüzlülük edirlər. Onlar, sadəcə olaraq, hərbi yük təyyarələrinin həm Şimaldan, həm də Şərqdən İrəvana daşıdıqları ən müasir silahların belə Azərbaycan əsgərinin döyüş əzmi və qətiyyəti qarşısında gücsüzlüyünü etiraf etməkdən qorxurlar. Bir də ki, hay xislətinə adekvat olaraq, onlar üçün dünən kölgəsinə sığındığına, bu gün üz çevirmək çətin məsələ deyil. İntəhası, indi canlarına üşütmə düşüb...

Bunu isə öz adımızdan deyirik. Həmin “eks”lərə son aqibətləri ilə bağlı reallaşacağına şübhə etmədiyimiz çılpaq həqiqəti unutmamalarını məsləhət görərdik. Yəni, məhkəmə işləri İrəvanda başlayıb Bakıda tamamlanacaq hərbi cinayətkarların hazırda təcrtidxanada saxlanılan şəxslər kimi “Azəriçay”ın tamını hiss etmələri qaçılmazdır. Çünki noyabrın 8-də bunu onların diqqətinə çatdıranın “dəmir yumruğ”unun dadını və həmişə dediyi sözünün ağası olduğunu artıq görüb və əmin olublar.           

İ.HƏSƏNQALA

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
xalqqazeti.az

2Mənbələr