AZ

Hulusi Kılıç: COP30 Azərbaycandakı iqlim sammitində əldə olunmuş razılaşmaların möhkəmləndirilməsi platformasıdır

Ankara, 12 noyabr, AZƏRTAC

Braziliyanın Belem şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) Bakıda ötən il baş tutan COP29-un məntiqi davamıdır və Azərbaycanda iqlim sammitində əldə edilən razılaşmaları möhkəmləndirməyi hədəfləyir.

Bu barədə Türkiyənin Azərbaycandakı sabiq səfiri və Sosial İnkişafa Dəstək İctimai Birliyinin (IMZA) Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.

Kılıç ötən il Azərbaycanda keçirilən BMT-nin iqlim sammitinin uğurunu vurğulayıb və bildirib ki, bunun nəticəsində varlı ölkələr iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ildə azı 300 milyard dollar sərmayə qoymaq öhdəliyi götürüb, habelə İtki və Zərər Fondunun səmərəliliyi də artırılıb.

Türkiyənin sabiq səfiri vurğulayıb ki, Bakıda iqlim müzakirələri qlobal gündəmin mərkəzi mövzusuna çevrilib.

IMZA-nın Türkiyədəki nümayəndəsinin sözlərinə görə, müəyyən dairələr və ölkələr, xüsusən də Fransa ev sahibi ölkənin - Azərbaycanın imicinə xələl gətirməyə və COP29-un əhəmiyyətini azaltmağa çalışıb. “Lakin Azərbaycanın düşmənlərinin bütün hiylələrinə baxmayaraq, sammit ən yüksək səviyyədə keçirilib və dünyaya Bakının iqlim diplomatiyasına töhfə vermək istəyini nümayiş etdirib”, - deyə H.Kılıç bildirib.

O, COP29-un bu gün Braziliyanın Belem şəhərində müzakirə olunan həllər üçün yol xəritəsinin hazırlanmasına kömək etdiyini və inkişaf etməmiş ölkələrin üzləşdiyi ekoloji problemlərə xüsusi diqqət yetirildiyini qeyd edib.

“Bir çox həssas ölkə üçün COP29 bir ümid işığı idi”, - deyə sabiq səfir vurğulayıb və getdikcə daha iddialı iqlim maliyyələşdirmə hədəflərinin bütün dünya sakinləri üçün “sığorta polisi” kimi müəyyən edilməsinin vacibliyinə işarə edib.

Kılıç ümidvar olduğunu bildirib ki, COP30 qlobal istiləşməni məqbul səviyyədə saxlamaq üçün mütləq şəkildə zəruri olan Azərbaycandakı iqlim sammiti qədər uğurlu dialoq platforması olacaq.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
67
2
azertag.az

3Mənbələr