AZ

Alimlər daxili səslə ürək döyüntüsü arasında qəribə əlaqə aşkar ediblər

Tədqiqat göstərir ki, emosional daxili danışıq bədən hərəkətsiz qalsa belə ürək ritmini dəyişir…

Poliqon xəbər verir ki, Danimarkanın Orhus Universitetinin psixoloqları daxili nitqin, yəni insanın özü ilə səssizcə danışmasının ürəyin fəaliyyətinə birbaşa təsir göstərə bildiyini sübut ediblər. “Psychophysiology” jurnalında dərc olunan araşdırma insanın emosional düşüncələrinin fiziologiyada ölçülə bilən dəyişiklik yaratdığını təsdiqləyir.

Alimlər uzun müddətdir daxili nitqin diqqəti toplamağa, qərar verməyə və emosiyalara nəzarətə kömək etdiyini bilirdilər. Lakin sual açıq qalırdı: daxili səs ürəyin işini dəyişə bilərmi? Bu sualı cavablandırmaq üçün Mikkel Vallentinin rəhbərlik etdiyi tədqiqat qrupu 18–75 yaş arası 90 könüllünün iştirakı ilə iki eksperiment aparıb.

Hər iştirakçı yataqda uzadılaraq ürək ritmini ölçən xüsusi sensorlara qoşulub. Onlara üç tapşırıqdan biri verilib: ya pozitiv daxili ifadələri (“Bacara bilərəm”, “Uğurlu olacağam”) vıə ya neqativ fikirləri (“Kifayət qədər yaxşı deyiləm”), ya da emosional yükü olmayan neytral tapşırığı rəqəmləri ardıcıl saymağı və zehində təkrarlamaq tapşırığı verilib. Daxili nitqin təsirini təhrif etməmək üçün iştirakçıların hərəkətsizliyi əlavə sensorlarla izlənilib.

Nəticələr gözlənilməz olub: emosional daxili nitq, istər müsbət, istərsə də mənfi “zehni danışığın” başlamasından təxminən 10 saniyə sonra ürək döyüntüsünün sürətlənməsinə səbəb olub. Artım cüzi dəqiqədə bir döyüntüdən az olsa da, statistik olaraq əhəmiyyətli hesab edilib.

Maraqlıdır ki, alimlər pozitiv və neqativ daxili nitqin təsiri arasında fərq aşkar etməyiblər. Hər iki vəziyyət ürəyin eyni dərəcədə reaksiya verməsinə gətirib çıxarıb. Bu effekt iştirakçıların depressiya səviyyəsi və ya narahat düşüncələrə meyilli olub-olmaması ilə də əlaqələndirilməyib.

“Biz sözləri səsləndirməsək və heç bir hərəkət etməsək belə, beynimiz və bədənimiz emosional fikirlərə reaksiya verir. Daxili dialoqumuz sözün əsl mənasında ürək ritmimizdə əksini tapır”, deyə Mikkel Vallentin araşdırmanın nəticələrini şərh edib.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr