AZ

Qaralovun şirkətlərinin vergi borcu ilə bağlı rəsmi açıqlama DYP



"Akkord Şirkətlər Qrupu” vergi borcları ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

aia.az Teleqraf-a istinadla xəbər verir ki, açıqlamada “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və onun törəmə müəssisələrinin vergi borclarının mətbuatda qeyd edildiyi qədər olmadığı deyilir.

Məlumata görə, hazırda Akkord Şirkətlər Qrupuna “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Akkord Nəqliyyat” MMC, “Hydraulic Mechanisms Company” MMC, “Akkord Hydrotechnical Construction Company” MMC və “Akkord General Construction” MMC daxildir.

Bildirilir ki, mediada adı hallanan digər müəssisələr artıq uzun müddətdir Akkord Şirkətlər Qrupunun təşkilati-idarəetmə strukturuna daxil deyil. Həmin müəssisələrlə “Akkord” korporasiyasının heç bir iqtisadi və hüquqi bağlılığı yoxdur və bu şirkətlər “Akkord” brendi altında fəaliyyət göstərmirlər.

Açıqlamada qeyd olunur ki, hazırda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Akkord Nəqliyyat” MMC-nin vergi üzrə borcu mövcud deyil:

“Hydraulic Mechanisms Company” MMC-nin vergilər üzrə 172 min manat borcu var və bu borcun ödənilməsi istiqamətində Dövlət Vergi Xidməti ilə şirkət arasında qarşılıqlı əməkdaşlıq davam etdirilir. Bildirilir ki, borcun bu ilin sonuna qədər tam ödənilməsi nəzərdə tutulur.

Yuxarıda adları çəkilən müəssisələrdən “Akkord Hydrotechnical Construction Company” MMC-nin də vergilər üzrə borcu mövcuddur. Açıqlamada bu borcun yaranma səbəbi kimi, şirkətin “Su Ehtiyatları Agentliyi” (Azərsu ASC-nin hüquqi varisi) tərəfindən görülmüş işlərə görə xeyli miqdarda debitor borcun ödənilməməsi göstərilir. Məsələnin həlli istiqamətində Dövlət Vergi Xidməti, “Azərsu” ASC və müəssisə arasında birgə fəaliyyət davam edir.

Şirkətin bu açıqlamasından sonra rəsmi mənbələrdə adı çəkilən şirkətlərin vergi borcları ilə bağlı dəqiqləşdirmə apardıq.

Rəsmi mənbələrə əsasən, “Hydraulic Mechanisms Company” MMC-nin vergi borcu açıqlamada qeyd olunduğu kimi 172 min manat deyil, 184 min manatdır.

“Akkord Hydrotechnical Construction Company” MMC-nin vergilər üzrə borcu isə 1 milyon 119 min manat təşkil edir.

Qeyd edək ki, “Akkord Korporasiyası” ASC keçmiş Baş prokuror Zakir Qaralova məxsusdur. ASC-yə daxil olan müəssisələrin sayı vaxtilə 20-dən çox olub. Rəsmi açıqlamadan aydın olur ki, bu müəssisələrin əksəriyyəti artıq əl dəyişdirib və hazırda ASC-nin nəzdində 4 müəssisə fəaliyyət göstərir.

Mətbuatda yer alan məlumatlarda “Akkord Korporasiyası”na məxsus şirkətlərin ümumilikdə 5 milyon manata yaxın vergi borcunun olduğu bildirilirdi. Lakin həmin müəssisələrin çoxunun “Akkord Korporasiyası”ndan ayrıldığı barədə rəsmi açıqlama verilməmişdi.

Onu da qeyd etmək lazımdır ki, bu müəssisələr “Akkord Korporasiyası”ndan ayrılsa da, vergiyə olan borcları hələ də ödənilməmiş qalır.

Zakir Qaralovun nəzarətində olan müəssisələrin bu günə olan ümumi vergi borcu isə 1 milyon 300 min manat təşkil edir.

aia.az



Seçilən
27
8
aia.az

9Mənbələr