AZ

Nazir: Bir aşpazı 1500 manata hazırlamaq mümkün deyil

Bir aşpazı 1500 manata hazırlamaq mümkün deyil.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, elə peşə ixtisasları var ki, onların hazırlanması həqiqətən də yüksək vəsait tələb edir. Məsələn, bir aşpazı 1500 manatla hazırlamaq mümkün deyil. Mən bunu əvvəlki çıxışlarımda da qeyd etmişəm ki, bir insanın bir aylıq maaşı qədər vəsaitlə həmin insana peşə vermək qeyri-real yanaşmadır. Məsələn, eyni ixtisas üzrə, məsələn, mühasibatlıq və ya maliyyə sahəsini götürsək, bakalavr təhsilinə bir tələbə üçün təxminən 2500 manat ayrılır. Bəzən düşünülür ki, peşə təhsili bu məbləğdən mütləq daha az maliyyələşməlidir. Amma bu yanaşma həmişə düzgün deyil. Burada sual budur ki, biz bir insanın təhsilinə, ixtisasına nə qədər pul yatırırıq və ondan nə gözləyirik? Əgər biz, məsələn, bir mühəndisi 10.000 manatlıq sərmayə ilə yetişdiririksə, ondan ən yaxşı halda 10.000 manatlıq mühəndis çıxacaq. 100.000 dollarlıq rəqabətqabiliyyətli mütəxəssis isə 10.000 manatlıq təhsillə mümkün deyil. Bu, sadəcə reallıqdır və konstruktiv yanaşma tələb edir. Prezidentin müvafiq fərmanına əsasən peşə təhsilinə ayrılan vəsaitlərin artırılması istiqamətində addımlar atılır. Amma bu da kifayət etmir. Çünki Azərbaycanın işğal dövründə bir çox peşə təhsili müəssisələri dağıdılıb, ərazilərdə məcburi köçkünlər yerləşdirilib, infrastruktur zəifdir. Buna görə də real yanaşma budur ki, harada imkan varsa, orada bu işləri həyata keçiririk. Son illər əsaslı təmir olunmuş və inkişaf üçün baza yaradılmış peşə təhsili müəssisələri var. Məsələn, Bərdə, Cəlilabad, Qəbələ, İsmayıllı və Bakıdakı bəzi peşə məktəbləri nümunə göstərilə bilər. Bu müəssisələrdə Maliyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində əlavə vəsait ayrılır və artıq rəqabətə əsaslanan kadr hazırlığına başlanılıb. Məsələn, Bakı Sənaye və İnnovasiyalar Peşə Təhsil Mərkəzində bəzi ixtisaslar üzrə məzunların işə qəbul faizi 100%-ə çatır. Hətta bəzi ixtisaslar üzrə qəbul rəqəmləri ali təhsil ixtisaslarından da yüksəkdir – bir yerə 6 nəfər müraciət edir. Niyə? Çünki orada keyfiyyətli infrastruktur, maliyyə dəstəyi və kadr potensialı mövcuddur”.

Seçilən
71
4
apa.az

5Mənbələr