AZ

Şimali Kiprin yeni prezidenti ilk səfərinə çıxdı

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman dövlət başçısı seçildikdən sonra ilk rəsmi xarici səfəri çərçivəsində Türkiyəyə gəlib.

Bizim.Media xəbər verir ki, Şimali Kipr liderinin səfəri Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etməklə başlayıb.

“ŞKTC-nin altıncı Prezidenti kimi, bu böyük dövlət xadiminin xatirəsini ehtiramla yad etdiyim Ankarada olmaqdan qürur hissi duyuram. Bu gün bir daha Kipr türklərinin Atatürkün irsinə və vəsiyyətlərinə hörmətinin sarsılmazlığını vurğulayıram”, -deyə Şimali Kiprin lideri məqbərənin qonaq kitabında yazıb.

Tufan Erhürman, həmçinin Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və xarici işlər naziri Hakan Fidan ilə görüşlər keçirəcək.

Yaxın saatlarda Türkiyə və Şimali Kipr liderləri arasında Ankaradakı Beştəpə Prezident kompleksində danışıqların aparılması planlaşdırılır. Sonra liderlər müzakirələrin yekununa dair birgə mətbuat konfransı keçirəcəklər.

Bizim.Media

Seçilən
19
6
bizim.media

3Mənbələr