AZ

İraqda güc balansı dəyişir: Türkmənlərin yüksələn siyasi çəkisi

ain.az, Bakivaxti saytına istinadən bildirir.

İraqda keçirilən parlament seçkilərinin ilkin nəticələri ölkənin siyasi reallığında həm davamlılığın, həm də mühüm dəyişikliklərin baş verdiyini göstərir.

Hazırkı baş nazir Məhəmməd Şia əs-Sudaninin rəhbərlik etdiyi Yenidənqurma və İnkişaf bloku 45 mandatla ilk sırada qərarlaşıb. Onu Nuri əl-Maliki liderlik etdiyi Qanun Dövləti bloku təxminən 30 mandatla izləyir.

Digər siyasi qüvvələrin də 25–30 mandat arasında dəyişən nəticələr əldə etməsi göstərir ki, İraq siyasətində təkbaşına hakimiyyət mümkün deyil və geniş koalisiya yenə də zərurət kimi qalır. Sudani postunu qorumaq üçün iri şiə bloklarının dəstəyinə ehtiyac duyur və bu dəstək təmin olunarsa, o, ölkənin son illər tarixində ardıcıl iki müddət çalışan nadir baş nazirlərdən biri ola bilər.

Seçkilərin ən diqqət çəkən məqamlarından biri türkmənlərin mövqeyində müşahidə olunan dəyişiklikdir. Türkmən Cəbhəsinin Bağdadda ilk dəfə mandat qazanması həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Bu nəticə türkmən icmasının təkcə regional deyil, artıq mərkəzi siyasi proseslərdə də görünən aktora çevrildiyini göstərir. Uzun illər Bağdad siyasətində zəruri çəkiyə sahib ola bilməyən türkmənlərin bu uğuru gələcək koalisiya danışıqlarında onların nəzərə alınma imkanlarını xeyli artırır.

Kərkük seçkiləri isə hər zaman olduğu kimi, ən gərgin və rəqabətli bölgə kimi diqqətdədir. İlkin nəticələrə əsasən BİTQC (Birləşmiş İraq Türkmən Qüvvələri Cəbhəsi) hələlik mandat qazana bilməyib, lakin hələ hesablanmayan hərbçi və polis səsləri nəzərə alındıqdan sonra ən azı bir yer əldə etmək imkanının yüksək olduğu bildirilir.

Ümumilikdə türkmənlərin Kərkük üzrə 2–3 mandat qazana bilməsi ehtimal edilir ki, bu da onların bölgədəki mövqeyini tam itirməməsi baxımından önəmli göstəricidir. Bununla yanaşı, seçkinin nəticələri kürd siyasi qüvvələrinin – KDP (Kürdüstan Demokrat Partiyası) və KYB (Kürdüstan Yurtsevərlər Birliyi) – əvvəlki seçkilərə nisbətən daha zəif performans göstərdiyini ortaya qoyur. Ərəblərin səs payının artması bölgədə yeni güc balansının formalaşdığını göstərir.

Yeni seçki sistemi barədə aparılan müzakirələr də diqqət çəkir. Göründüyü kimi, sistem daha çox ərəb siyasi bloklarının xeyrinə işləyib. “Təkəddüm” kimi partiyalar səslərini artırdıqları halda, türkmən və kürd partiyalarının səsləri daha lokallaşmış şəkildə toplanıb və bu da onların ümumi siyasi çəkisinin müəyyən qədər azalmasına səbəb olub. Beləliklə, yeni mexanizm İraqdakı etnik-siyasi balansı dəyişdirərək ərəb aktorlarının təsirini artırıb.

Bu nəticələrin fonunda İraqı çətin bir hökumət formalaşdırılması prosesi gözləyir. Ən azı beş partiyanın iştirakı ilə qurulacaq koalisiya həm siyasi barışıq, həm də strateji kompromis tələb edir. İranın bu mərhələdə oynayacağı dolayısı və tənzimləyici rolun güclənəcəyi şübhəsizdir. Tehran üçün şiə blokları arasında tarazlığın saxlanılması, Bağdadın sabitliyi və yeni hökumətin regional siyasətdə İranın maraqlarına qarşı çıxmaması mühüm prioritetlərdir.

Türkmənlərin Bağdadda ilk dəfə yer alması isə onlar üçün yeni siyasi nəfəsdir. Bu həm türkmən icmasının özünəinamını artırır, həm də onları koalisiya masasında nəzərə alınmalı aktora çevirir. Əgər türkmən siyasi təşkilatları bu fürsəti strateji şəkildə dəyərləndirə bilsələr, həm Kərkükdə, həm də mərkəzi siyasətdə daha davamlı və təsirli təmsilçilik qazana bilərlər.

Nəticə etibarilə, seçkilərin ilkin mənzərəsi göstərir ki, İraq yenidən parçalanmış siyasi sistem daxilində hökmət formalaşdırmaq kimi çətin bir prosesə daxil olur. Qarşıdakı həftələrdə aparılacaq koalisiya danışıqları təkcə yeni hökumətin taleyini deyil, həm də ölkənin siyasi sabitliyini, etnik güc balansını və regiondakı strateji münasibətləri müəyyən edəcək. Türkmənlərin isə bu dəfə masada daha görünən və nəzərə alınan tərəf olacağı şübhəsizdir.

Ruslan Zəngəzur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
bakivaxti.az

2Mənbələr