AZ

Prezident: Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib

BAKI, 13 noyabr. TELEQRAF

"Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Fürsətdən istifadə edərək, qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığımı bildirirəm. Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik".

Teleqraf xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm. Hər dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslı islahatlar və cəmiyyətin bütün sahələrinin ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu nailiyyətlər dostum və qardaşım Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin göstəricisidir.

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir".

Seçilən
41
50
teleqraf.com

10Mənbələr