AZ

Doqquz il öncə itkin düşən Xəyalənin meyiti tapıldı: Əvvəllər də hücuma məruz qalıb

Cəlilabadın Göytəpə qəsəbəsində 9 il əvvəl baş verən müəmmalı hadisənin yeni detalları üzə çıxıb.

Musavat.com "Teleqraf"a istinadla xəbər verir ki, hərbi xidmətdən qayıdan qonşularının qonaqlığından evə dönərkən itkin düşən Göytəpə sakini Xəyalə Xəlilovanın nəşinin qalıqları bu gün qəsəbə ərazisində istifadəsiz tikilidən aşkarlanıb.

Onun qətlə yetirildiyi məlum olub. Cinayət əməlinin 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib.

Mərhumun anası bildirib ki, Xəyalə əvvəllər də həmin şəxs tərəfindən hücuma məruz qaldığını ona danışıb: "O vaxt bağçada işləyirdim. Xəyalə onda demişdi ki, onu yolda tutmaq istəyən həmin şəxsin əlindən qaçıb". 

***

Baş Prokurorluq Cəlilabad rayonunda doqquz il əvvəl itkin düşmüş və bu gün meyiti tapılan şəxslə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, Cəlilabad Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

Doqquz il əvvəl itkin düşən və bu gün meyiti tapılan qadınla bağlı bəzi detallar məlum olub.

Oxu.az-a açıqlama verən onun anası Zərifə Xəlilova bildirib ki, qızı evdən kimisə ziyarət etmək üçün çıxıb və bir daha geri qayıtmayıb.

Ananın sözlərinə görə, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilova ikinci qrup əlil olub.

O, avtomobil qəzasına düşdüyü üçün bir qolu işləməyib. Lakin əqli hər hansı bir problemi olmayıb. 

***

Cəlilabad rayonunda 2016-cı il tarixdə itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilova qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, polis və Penitensiar Xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş, 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən olunub.

O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
50
2
musavat.com

10Mənbələr