ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, nə o, nə də dövlət katibi Marko Rubio hazırda ABŞ Prezidenti postuna iddia edə bilməz.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu Fox News-a müsahibəsində deyib.
Vensin sözlərinə görə, Politico-da yayılan “2028-ci ildə Vensin prezidentliyə namizəd olacağı” barədə məlumatlar əsassızdır. O, Rubionu rəqib kimi görmədiyini, əksinə, həmkarı hesab etdiyini vurğulayıb.
Vitse-prezident hazırda bütün diqqətini administrasiyanın gündəliyinə yönəltdiyini və respublikaçıların 2026-cı il ara seçkilərində üstünlük qazanmaq üçün çalışdıqlarını bildirib. Prezidentliyə mümkün namizədlərlə bağlı qərar Donald Trampla müzakirə olunacaq.
Xatırladaq ki, Prezident Tramp oktyabrda mümkün varislər arasında həm Vensin, həm də Rubionun adını çəkmişdi və onların “güclü namizədlər” olduğunu demişdi.
Musavat.com