ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
6-cı mövzu: Bədii mətnlərdə ehtimal elementləri
(əvvəli qəzetin 27 iyul, 3, 24 və 31 avqust tarixli saylarında)
Çox zaman istər şifahi nitqdə, istər yazı prosesində kütləvi xarakter almış elmi anlayışlardan tez-tez istifadə olunur. Məsələn, zaman, məkan, hərəkət, sürət, sonsuzluq, təsadüfi hadisə, ehtimal və s. sadaladığımız bu və digər anlayışlar ayrı-ayrı elm sahələrinin və fəlsəfənin anlayışları, istinad etdiyi kateqoriyalardır.
Bədii mətnlərdə elmi sahələrin rolundan danışarkən, adətən, istifadə olunan elmi anlayışları, elmi faktları aid olduğu elm sahələri fonunda aydınlaşdırmağa çalışırıq. Təbii, bu cür araşdırmalar həmin anlayışların bədii mətnlərdə istifadə olunması texnikasının formalaşmasına xidmət edir.
Bu mövzumuz bədii mətnlərdə bəzi ehtimal elementlərinin (Ehtimal nəzəriyyəsi əsasında) bədii mətnin yaranmasında rolundan, onlardan bədii vasitə olaraq istifadə texnikasından bəhs edir. Bu məqsədlə təsadüfi hadisə və ehtimal anlayışları haqqında məlumat verib, bu məlumatlar əsasında qurulmuş bədii mətnlərlə tanış olacağıq.
Təsadüfi hadisə və ehtimal
Təsadüfi hadisə nədir? Məncə, bu anlayış çoxlarını düşündürən mübahisəli məsələlərdən biridir. Elmi-fəlsəfi düşüncə tarixində təsadüfi hadisəyə müxtəlif münasibətlər mövcud olmuşdur. İlk növbədə, fəlsəfi yanaşmalara qısa nəzər salaq. Bəzi yanaşmalardan aydın olur ki, hadisə, ümumiyyətlə, təsadüfi xarakter daşıya bilməz, çünki hər bir hadisəni doğuran səbəb var və bütün hadisələr qanunauyğun baş verir. Sadəcə, hadisələr arasında səbəb-nəticə əlaqəsi qurula bilmədiyindən, yəni bilməzliyin nəticəsində təsadüfi hadisə anlayışı meydana gəlir. Bir sözlə, təsadüfi hadisə bilməzliyin nəticəsidir. Əgər hər hansı hadisənin başvermə səbəbi bilinsəydi və ya onun aşkarlanması mümkün olsaydı, bu zaman təsadüfilik olmazdı, hadisə zəruri hadisə sayılardı. Böyük Azərbaycan filosofu Bəhmənyar yazır ki, heç bir hadisə və predmet insan biliyindən kənarda qalmasaydı, onun üçün heç nə təsadüfi olmazdı, hər şey zəruri olardı. O, bir nümunə göstərir: bir adam yol ilə gedərkən xəzinə tapır. Onun xəzinə tapması təsadüfi sayılır. Amma onu xəzinəyə aparan səbəb olmuşdur. Onu xəzinəyə aparan səbəb olduğu üçün təsadüfi sayılan hadisə (adamın xəzinə tapması), əslində, zərurətdən baş vermişdir.
Deməli, təsadüfi hadisə sırf subyektiv xarakter daşıyır və insan bilməzliyinin nəticəsi olaraq ortaya çıxır. Həyatda hər şey qanunauyğun baş verir. Təsadüfi hadisə anlayışı təkcə fəlsəfi düşüncəni deyil, elmi təfəkkürü də məşğul edən anlayışlardan biridir. Ehtimal nəzəriyyəsi təsadüfi hadisələrin riyazi modelini öyrənən elmdir. Bu elm sahəsi elə təsadüfi hadisələri öyrənir ki, onlar hər hansı qanunauyğunluqlara tabe olur və bu qanunauyğunluqlar ehtimal qanunauyğunluqları adlandırılır. Deməli, təsadüfi hadisələr də hər hansı bir qanunauyğunluğa tabe olur. Ehtimal nəzəriyyəsinə görə, təsadüfi hadisə o hadisədir ki, eyni şərtlər hər dəfə ödəndikdə baş verə də bilər, verməyə də. Zəruri hadisə isə eyni şərtlər ödəndikdə hər dəfə baş verən hadisədir. Hadisənin ehtimalı bu nəzəriyyənin əsas anlayışlarından biridir və hadisənin başvermə mümkünlüyünün dərəcəsini ifadə edir.
Ümumiyyətlə, Ehtimal nəzəriyyəsinin bir çox anlayışları və məsələləri fəlsəfi düşüncəni işə salır, maraqlı olduğu qədər də gözlənilməz yozumlar ərsəyə gətirir. Hər bir hadisə ətrafında fərziyyələr, eyni zamanda nəticələr şəbəkəsi yaradır. Məsələn, hər hansı bir hadisə ilə üzləşən şəxs onu bu hadisəyə düçar edən səbəblər barədə düşünür, nəticəni dəyişə bilən müxtəlif variasiyalar ağlından keçir, müxtəlif ehtimallar qurur.
Təsadüfi hadisə anlayışı barədə əldə etdiyimiz məlumatlar bədii mətnin yaranmasına nə kimi üstünlük verir? Məsələn, hər hansı əsərdə təsvir olunan hadisə haqqında bir var adi informasiya verəsən, bir də var o hadisəni təsadüf və zərurət kateqoriyaları fonunda, eyni zamanda, elmi təfəkkür vasitəsilə təsvir edəsən. İkinci halda mətnin düşüncə yükünün artması faktı isə danılmazdır.
Bir növ, nəsrdə elmi-fəlsəfi informasiyalardan istifadə məsələsi nisbətən asandır. Bu, nəsrdə təsvir zamanı ifadələrin istifadə imkanlarının daha geniş olması ilə bağlıdır. Çünki nəsrdə fikri daha sərbəst ifadə etmək mümkündür. Lakin poeziyanın özünəməxsus cəhətləri fikri istənilən qədər sərbəst ifadə etməyə imkan vermir. Bu səbəbdən elmi informasiyaları “şeir dilinə” çevirməyin bəzi çətinlikləri var.
Təsadüf
Hər şey o qədər təsadüfən oldu ki:Mən bu şəhərə gəldim,sən bu şəhərdə yaşayırdın.O küçədən keçəsi oldum,eviniz o küçədə.O evin qarşısında dayandım -sən o evdən çıxırdın.
Bunlar hamısı təsadüfən oldu:mən bu şəhərə gəldim,o küçədən keçdim,bu şəhərdə o küçədəki o evinqarşısında dayandım -sən çıxdın.
Bütün bunlar o qədər təsadüfən oldu ki.
Təsadüfən mənbaşqa şəhərə gedə bilərdim,o şəhərdə hansısa küçədən keçərkənhansısa evdən biri çıxardı vəonunla rastlaşardım.
Təsadüfən başqa birisizin şəhərə gələr,sizin küçədən keçərkənsən evdən çıxardın və...
Bunlar hamısı təsadüfən ola bilərdi.
Amma sən bu şəhərdə, o küçədə, o evdə təsadüfən yaşamırdın.
Bu şəhərə tale gətirib məni?!
Göründüyü kimi, sırf lirik-fəlsəfi növə aid mətndə insanı əzəli düşündürən suallardan biri: tale təsadüfidir, ya zərurət?! Nəticə: nə qədər çalışsan da, taledən qaça bilməzsən, yalnız bəzi xırda dəyişikliklərə nail ola bilərsən. Burada təsadüfi hadisə haqqında bilik bədii mətnə xidmət edib, ona intellektual səciyyə bəxş edir. Təsadüfi hadisə haqqında informasiya sadəcə sadalanmır, o hadisə üzərində bədii mətn qurulur. Düşünürük ki, hadisəyə elmi-fəlsəfi düşüncə ilə yanaşmanın nəticəsi mövzuya çevrilmiş hadisənin bədii mətn qurma prosesində fərqli tərəflərini görməyə imkan verir.
Ehtimal nəzəriyyəsinin başqa bir çox anlayışlarını və ayrı-ayrı məsələlərini şərh etməklə, onların bədii mətnlərdə bədii vasitə, bədii model olaraq istifadəsi texnikasından söz açmaq mümkündür, lakin bünlar bu sahə barədə bir qədər dərin məlumatlara malik olmağı tələb edir. Belə olan halda, həmin məsələlər üzərində qurulmuş bədii mətnlər daha yaxşı anlaşılar və onlardan bədii həzz alınması mümkün olar. Əks halda, o mətnlər yalnız oxucunu düşünməyə vadar edər ki, əslində, bu da heç də səmərəsiz deyil.
Ehtimal nəzəriyyəsinin bəzi maraqlı məsələləri üzərində elmi-bədii təfəkkürün sayəsində bədii mətnlər qurmaq və onları intellektual bədii mətnlərə yaxşı nümunə adlandırmaq olar. Hətta bunlardan bəzi poeziya nümunələrinə çəkinmədən “elmi şeir” də deyə bilərik.
İşi asanlaşdıraq deyə, məqsədimiz bu nəzəriyyə haqqında ümumi məlumat verməklə bu elm sahəsinin əsas iki anlayışı – təsadüfi hadisə və ehtimal anlayışlarının intellektual bədii mətnlərlə doğmalığını aydınlaşdırmaqdan ibarət idi. Belə cəhdlər isə, hesab edirik, təkcə bu elm sahəsinin deyil, ümumiyyətlə, elm sahələrinin “düşüncə ədəbiyyatında” istifadə texnikası barədə müəyyən bilik və səriştə qazanmağa vasitə ola bilər.
Bir də Ehtimal nəzəriyyəsinə bələd olmaqla müşahidə oluna bilən hər hansı bir hadisənin baş verməsi haqqında bütün mümkün fərziyyələri (ehtimalları) bir araya gətirmək olar. Məsələn:
3 fərziyyə
Bir neçə günlük yoxluğunbir həqiqəti anlatdı mənə:varlığın yox olması deyilmiş ölüm,ölüm – yoxolmanın varlığı imiş.
Sonra 3 fərziyyə gəlir ağlıma:
I fərziyyə: mən yoxam.
Sən gözləyirsən. Qadın daha çox gözləntidi axı.
Çox gözləyirsən dönüşümü, lap çox. Anlayanda dönüşüm hər dəfə dönüşüdü yoxluğumun, uzun-uzadı şəkillərimə baxmağa başlayırsan gözüyaşlı, sığal çəkirsən bəzən paltarlarıma. Gecələr bağrına basıb yastığımı hönkürürsən, – belə olur, adətən. Sonra yavaş-yavaş yoxluğumla danışmağa, dərdləşməyə alışırsan... hər nəsə.
Əməlli-başlı öyrəşirsən Yoxluğuma.
II fərziyyə: sən yoxsan, daha doğrusu, varsan yoxluq şəklində.
Qayıdıram haradansa, fərqi yox, işdən, gəzintidən və sairə. Kişi də ki, daha çox qayıdışdı axı – bunu deməmişəm, deyəsən. Açarı uzadıram qapının kilidinə... yoxluğun açır qapını, əlimi uzadıram – yoxluğun yandırır işığı.
Masanın arxasına keçmirəm. Hələ bir müddət alışa bilmirəm yad olan Yoxluğuna – isinişmək lazımdı, görünür, onunla.
Yatağıma uzanıram, qollarım çarpazlanır sinəmdə məsafə olmadığından sinəmlə qollarım arasında; yoxluğunu qucaqlayıram hər gecə beləcə.
III fərziyyə: mən də yoxam, sən də.
Nə sən gözləyirsən dönüşünüyoxluğumun,nə də mən qucaqlayıram yoxluğunu.Ya əbədi itiririk bir-birimizi,ya da əbədi qovuşur bir-birinəvarlığı yoxluğumuzun.Hər üç fərziyyə bu qədər bəsit, sadəcə;bütün yoxluqlarla olduğu kimi. Amma anladığım həqiqət çox dahiyanə idi, əzizlərim:varlığın yox olması deyilmiş ölüm,ölüm – yoxolmanın varlığı imiş.
(ardı var)
Əli Şirin ŞÜKÜRLÜ,riyaziyyat üzrə fəlsəfə doktoru, şair-publisist
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.