AZ

Gəncədə aerobika gimnastikası üzrə 14 cü Avropa çempionatı start götürdü

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə bu gündən etibarən Avropa idman arenalarının diqqət mərkəzinə çevrilib. Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı möhtəşəm açılış mərasimi ilə işə başlayıb.

Tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib, ardınca Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar çıxış edərək yarış iştirakçılarını salamlayıblar. Natiqlər Azərbaycan idmanının inkişafından, ölkənin böyük beynəlxalq yarışlara ev sahibliyi etməsində qazandığı nüfuzdan söz açıblar.

Açılış mərasiminin ən yaddaqalan anlarından biri isə “Nizami Xəzinəsi” adlı bədii kompozisiya olub. Dahi söz ustadı Nizami Gəncəvinin zəngin irsinə həsr edilən bu kompozisiya musiqi, rəqs və xüsusi vizual effektlərin harmoniyası ilə tamaşaçılara möhtəşəm emosiyalar bəxş edib.

Rəsmi hissədən sonra gimnastların ilk çıxışlarına start verilib. İdmançılar fərdi proqram üzrə çıxış edərək öz ustalıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, noyabrın 16-dək davam edəcək mötəbər yarışda 18 ölkədən 151 gimnast iştirak edir. Onlar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramlarında mübarizə aparacaqlar.

Gəncə şəhəri üçün böyük idman bayramına çevrilən bu çempionat həm şəhərin, həm də ölkənin idman həyatında əlamətdar hadisə kimi yadda qalacaq.

Hamlet QasımovXQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
xalqqazeti.az

2Mənbələr