AZ

COP30-da Şəhərlərin iqlim fəaliyyəti üçün Bakı Davamlılıq Koalisiyasının panel müzakirələri keçirilib

Azərbaycanın COP29 Sədrliyinin "Dayanıqlı və sağlam şəhərlər üçün multisektoral fəaliyyət yolları" təşəbbüsü çərçivəsində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının dəstəyi ilə BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (İDÇK) 30-cu tərəflər konfransında Şəhərlərin iqlim fəaliyyəti üçün Bakı Davamlılıq Koalisiyasının panel müzakirələri təşkil olunub.

Aznews.az xəbər verir ki, tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi bölməsinin direktoru Sesiliya Kinusiya Nyenqanın moderatorluğu ilə keçirilib.

Açılış hissəsində COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rozbax, BƏƏ İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin katib müavini Mohammed Saed Al Nuaimi və Braziliya Şəhərlər Nazirliyinin beynəlxalq məsələlər üzrə direktoru səfir Antonio Da Kosta e Silva ötən il COP29 çərçivəsində yaradılmış Bakı Davamlılıq Koalisiyasının iqlim dəyişikliyi ilə mübarizədə oynadığı mühüm rolu haqqında çıxışlar edib, dayanıqlı və sağlam şəhərlərin salınması üçün multisektoral əməkdaşlığın əhəmiyyəti ilə bağlı müzakirələr aparıblar.

Tədbirin panel hissəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İqlim Dəyişikliyi bölməsinin direktoru Martin Krouz, Keniya Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyinin Şəhər inkişafı üzrə direktor müavini və Şəhər torpaqları, ətraf mühit təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə bölmənin rəhbəri Robert Sanqori, Dünya Resursları İnstitutunun (WRI) icraçı direktoru Ani Dasgupta, Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin İqlim Dəyişikliyi Baş İdarəsinin rəhbəri Halil Hasar, Braziliyanın Para Ştatı Hökumətinin Aşağı Amazon Regionu üzrə regional katibi Fransisku Nelio Aguyar da Silva və digər yüksək səviyyəli rəsmilər fikir mübadilələri aparıb, dayanıqlı və sağlam şəhərlərin formalaşdırılması üçün iqlim maliyyəsinin şəhərlərə yönəldilməsinin vacibliyini qeyd ediblər.

COP29-un prezidenti Muxtar Babayev tədbirin yekun nitqində iştirakçılara təşəkkürünü bildirib, Azərbaycanın 13-cü Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini nəzərə alaraq ölkəsinin əsasını qoyduğu Koalisiyanın yalnız gələcək COP tədbirlərində deyil, digər böyük platformalarda da davam etdirilməsinin qlobal iqlim gündəliyinə töhfə verəcəyini vurğulayıb.

Seçilən
19
6
aznews.az

7Mənbələr