AZ

Azərbaycanla bağlı bəyanat Rusiyanı özündən çıxardı

Rusiyanın bu ölkədəki səfirliyi Belçika xarici işlər nazirinin açıqlamasından narazı qalıb: “Kiyevdəki səfirliyə dəymiş ziyanla bağlı dedikləri...”

Belçika son həftələrdə Ukraynaya qarşı həyata keçirilən kütləvi Rusiya hücumlarını sərt və aydın şəkildə pisləməsi barədə xəbər vermişdik.

Musavat.com yada salır ki, Belçikanın xarici işlər naziri Maksim Prevo "X" sosial media hesabında Rusiyanı ciddi şəkildə qınayıb. Nazir bildirib ki, zərbələr qəsdən mülki əhaliyə, yaşayış məhəllələrinə, xəstəxanalara, enerji infrastrukturuna və həyati obyektlərə endirilib. Onun sözlərinə görə, hücumlar dinc sakinlərin, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olub, icmaları "qorxu və qaranlığa" qərq edib.

Nazir bu hərəkətləri müharibə cinayətləri və Ukrayna xalqının mənəvi ruhunu sarsıtmağa yönəlmiş sistematik strategiyanın bir hissəsi adlandırıb. O qeyd edib ki, hücumların qəddarlığına baxmayaraq, ukraynalılar cəsarət və dözümlülük nümayiş etdirirlər.

Maksim Prevo həmçinin Kiyevdəki Azərbaycan səfirliyinə endirilən zərbədən narahatlığını ifadə edib. O vurğulayıb ki, diplomatik missiyaya hücum qəbuledilməzdir və beynəlxalq sistemin prinsiplərinə ziddir. Onun sözlərinə görə, Belçika Azərbaycanın və səfirlik əməkdaşlarının yanındadır.

Sonda nazir bildirib ki, Belçika Avropa və beynəlxalq tərəfdaşlarla birlikdə Ukraynaya dəstəyini davam etdirəcək və müharibə bitənədək Rusiyaya təzyiqi artıracaq.

Bu mövqe Rusiyanın narazılığına səbəb olub. “Belçikanın xarici işlər nazirinin Azərbaycanın Kiyevdəki səfirliyinə dəymiş ziyanla bağlı dediklərini əsassız və qəbuledilməz hesab edir”. Rusiyanın bu ölkədəki sıəfirliyinin Telegram-kanalında dərc olunan bəyanatda belə deyilir.

Rusiya səfirliyi bəyan edib ki, rus qoşunlarının mülki hədəflərə hədəfli zərbələr endirməsi ilə bağlı ittihamlar yalandır. Nazirlik həmçinin Qərb ölkələrini Kiyevin hərbi cinayətlərinə qəsdən göz yummasını ikiüzlülük adlandırıb.“Provotun Kiyevdəki Azərbaycan səfirliyinin binasına dəymiş ziyanla bağlı “dərin narahatlığına” gəlincə, biz zərərin Rusiyanın raket zərbəsi nəticəsində baş verməsi ilə bağlı tələsik və əsassız nəticələr çıxarmağı qəbuledilməz hesab edirik”, - Rusiya səfirliyi yazıb.

Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bəyan etmişdi ki, Azərbaycanın Kiyevdəki səfirliyinə heç kim hücum etməyi planlaşdırmayıb və “İsgəndər” raketi elektron müharibə (EW) sistemlərinin işləməsi səbəbindən səfirliyin ərazisinə düşə bilərdi.

Musavat.com

Seçilən
26
1
musavat.com

10Mənbələr