AZ

Yaradıcılıq mühiti insan münasibətlərini qorumağa və stereotipləri aşmağa kömək edir - Səidə Tağızadə "Tofiq Abbasovla Dialoq" verilişində - FOTO - VİDEO

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq" adlı analitik video-layihənin yeni buraxılışı yayımlanıb.

Day.Az xəbər verir ki, verilişin bu dəfəki qonağı Dövlət Uşaq Filarmoniyasının direktoru, musiqiçi, pedaqoq, konsert ifaçısı və "Simurq" kimi məşhur layihə də daxil olmaqla bir sıra yaradıcılıq təşəbbüslərinin müəllifi Səidə Tağızadə olub.

Səidə Tağızadə öz peşəkar yolundan, uşaqlığının təsadüf etdiyi çətin 90-cı illərdən və musiqinin onun üçün təkcə peşə deyil, həm də yaşamaq və daxili dayağını qorumaq vasitəsinə necə çevrildiyindən danışıb.

Onun sözlərinə görə, həmin illərdə yaradıcılıqla məşğul olmaq bir çox uşaqların və yeniyetmələrin daha da güclənməsinə, həyatda öz yerlərini tapmalarına kömək edib.

O fəaliyyətindən danışarkən bildirib ki, 2025-ci ilin mayından Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edir və bu vəzifəni böyük məsuliyyət kimi qəbul edir. Bununla yanaşı, uşaqlarla təxminən on illik iş təcrübəsi proseslərin qısa müddətdə qurulmasına, etimad və yaradıcılıq atmosferinin formalaşdırılmasına və kollektivi daha fəal mərhələyə çıxarmağa imkan verib.

Filarmoniyanın direktoru xüsusi olaraq onun yaratdığı "Simurq" layihəsinə - tanınmış pedaqoqları Azərbaycana gətirməyi hədəfləyən uşaq musiqi-təhsil festivalına toxunub.

O aparıcının suallarını cavablandırarkən qeyd edib ki, musiqi həmişə "yumşaq diplomatiya" forması olub və siyasi səbəblərlə bir-birindən uzaq düşmüş insanları belə bir araya gətirməyə qadirdir. Səidə Tağızadənin sözlərinə görə, məhz yaradıcılıq mühiti insan münasibətlərini qorumağa, bir-birini dinləməyə və stereotipləri aşmağa kömək edir.

İki uşaq anası kimi o, tərbiyədə hörmətə, diqqətə və məhəbbətə əsaslanmağın vacibliyini vurğulayıb. Səidə Tağızadə bildirib ki, uşaqlar səmimiyyəti həmişə hiss edirlər: əgər onları dinləyirlərsə, fikirlərinə dəyər verirlərsə, özünüifadə üçün məkan yaradırırlarsa - onlar güclü və nurlu insanlar kimi böyüyürlər. Əgər uşağın dediklərinə məhəl qoymurlarsa, onu incidilirsə və ya sıxışdırılırsa, bu, istər-istəməz onun xarakterinə təsir göstərir.

Filarmoniyanın direktoru xüsusilə uşaqların fikirlərinə önəm verməyin vacibliyini qeyd edib. O, bu yanaşmanı tamaşaların quruluşunda, konsert mövzularının seçimində və dekorasiyaların hazırlanmasında da tətbiq edir. Onun sözlərinə görə, uşaq mexaniki tapşırıq icraçısı olmamalıdır. O, özünü müəllif, yaradan və iştirakçı kimi hiss etməlidir.

Filarmoniyanın hesabında artıq bir sıra uğurlu çıxışlar var. Bunlara 1 İyun - Uşaqların Müdafiəsi Gününə həsr olunmuş Gəncə Filarmoniyasında keçirilən parlaq konsert də daxildir. Yayda genişmiqyaslı dinləmələr təşkil olunub və əvvəlcə təxminən on ifaçı seçilməsi planlaşdırılsa da, nəticə gözləntiləri üstələyib - solist bazası demək olar yüz istedadlı uşağa qədər artıb. Kollektiv daha tez-tez çıxış edir, proqramlar isə daha rəngarəngdir: estrada-caz axşamlarından tutmuş barokko musiqisinə qədər.

Verilişin tam videoyazısını təqdim edirik:

  • Yaradıcılıq
  • Yaradıcılıq
  • Yaradıcılıq
  • Yaradıcılıq
  • Yaradıcılıq
  • Yaradıcılıq
Seçilən
17
2
day.az

3Mənbələr