AZ

Mərkəzi Asiyanın və Azərbaycanın vahid məkana çevrilməsinin yol xəritəsi cızıldı...


Vüqar Bayramov: “Bu, bütövlükdə hər iki regionun inkişafına öz töhfəsini verəcək”

“Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur”.

Bunu Prezident İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

Daha sonra Prezident sözügedən məsələ ilə bağlı bunları qeyd edib: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq”.

“Növbəti dövrdə Azərbaycan və Mərkəzi Asiyanın geosiyasi mövqeyinin daha da güclənməsini müşahidə edəcəyik”

Prezidentin qeyd etdiyi məqamları “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov hesab edir ki, Azərbaycanla Mərkəzi Asiya həqiqətən də vahid geoiqtisadi məkandır: “Məsələ ondadır ki, Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz, eləcə də Avropa arasında körpü rolunu oynayır. Təbii ki, son illər eyni zamanda Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında həm birbaşa, həm fərqli platformalar çərçivəsində əməkdaşlığın güclənməsini müşahidə edirik və bu proses davamlı hal alıb. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında imzalanmış strateji müttəfiqliklə bağlı anlaşmalar da əslində ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət edir. İnvestisiya fondlarının yaradılması qarşılıqlı olaraq sərmayə qoyuluşu həcminin artmasına və ölkələrin birgə layihələri maliyyələşdirməsindən faydalanmasına imkan yaratmaqdadır. Məşvərət iclasında qeyd olunduğu kimi, Azərbaycanın və bütövlükdə Mərkəzi Asiyanın qlobal miqyasda bütövlükdə nüfuzu, eyni zamanda geosiyasi nüfuzu güclənməkdədir. Bu, bir tərəfdən regionun qlobal əhəmiyyətinin artması anlamına gəlir, digər tərəfdən region dövlətlərinin inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqazın inkişafına töhfə verən ölkədir. Bu konteksdən sonuncu məşvərət iclasında qəbul edilən qərarlar və eyni zamanda aparılan müzakirələr ondan xəbər verir ki, proses davamlı olacaq. Yəni növbəti dövrdə Azərbaycan və Mərkəzi Asiyanın geosiyasi mövqeyinin daha da güclənməsini müşahidə edəcəyik. Bu isə, bütövlükdə hər iki regionun inkişafına öz töhfəsini verəcək. Bu sahədə Azərbaycanla Mərkəzi Asiyanın əməkdaşlığının güclənməsi həm də yeni güc mərkəzinin formalaşmasına öz təsirini göstərəcək. O baxımdan sözügedən sahədə əlaqələrin genişlənməsinin perspektivi böyükdür”.

Vidadi ORDAHALLI

Seçilən
27
50
baki-xeber.com

10Mənbələr