AZ

Media nümayəndələri "Basqal Hamamı" muzeyində olublar - FOTO

"Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğuna təşkil olunan mediatur zamanı media nümayəndələri "Basqal Hamamı" muzeyində də olublar.

Muzey bələdçisi jurnalistlərə məlumat verib ki, Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir.  Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan "Basqal hamamı" maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında "Basqal Hamam" Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Muzey bələdçisi jurnalistlərə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar verdi.

Qeyd edək ki, Basqal həm də 300 ildən artıq yaşı olan çinar ağacı ilə məşhurdur. 1531-ci ilə aid edilən Şeyx Məhəmməd məscidi Pir çinar, Pir bulaq və orta əsrlərdə salınmış Xarabiyan qəbiristanlığı ilə kompleks təşkil edir. Yeni aşkarlanan kitabəyə görə, həmin kompleks sufi xanəgahı olub.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu bu ərazidə mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
23
1
ikisahil.az

2Mənbələr