Son günlərdə Venesuela prezidenti Nikolas Maduronun “başı üzərini alan qara buludlar” çəkilmək bilmir. Artıq onun üçün yolun sonu görünməyə başlayıb. Bir sözlə, Cənubi Amerikanın bu ölkəsinin lideri Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və Suriyanın keçmiş rəhbəri Bəşər Əsədin yolunu gedə bilər, yəni sığınacaq üçün Rusiyaya baş götürüb qaça bilər.
Məlumat üçün bildirək ki, çox yaxın tarixdə - 2014-cü ildə Yanukoviç, bundan 10 il sonra Əsəd Moskvaya son ümid yeri kimi üz tutmuşdular.
Dünya mediasında belə xəbərlər gedir ki, Maduro üçün hansı addımların atılması ilə bağlı artıq Ağ Evdə müzakirələr gedir. Hətta onun həbs edilib, ABŞ-da məhkəmə qarşısına çıxarılmasının da müzakirələr sırasında olduğu bildirilir. Ən güclü ehtimal kimi isə Amerikanın yaxın silahlı qarşıdurmaya getməyəcəyi, ona şərait yaradacağı, nəticədə Maduronun Rusiyada sürgün həyatı keçirəcəyi önə çəkilməkdədir.

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirib ki, son dövrlərdə Venesuela prezidenti Nikolas Maduraya qarşı ABŞ tərəfindən sərgilənən sərt mövqe ilk növbədə onun müəyyən qədər müstəqil siyasət aparmaq cəhdi ilə bağlıdır:
“Təbii, heç kim iddia etmir ki, Venesuelada demokratik vəziyyət yüksək səviyyədədir. Lakin hər hansı bir dövlət başçısının xarici müdaxilə nəticəsində hakimiyyətdən uzaqlaşdırılması hüquqi baxımdan doğru addım hesab edilə bilməz. Bu cür müdaxilələr dövlətlərin hüquqi sistemlərini dağıdır, ölkələrdə anarxiya və davamlı siyasi xaosun yaranmasına səbəb olur.
Bu prosesin klassik nümunələrini Liviya, İraq və Suriya timsalında görmək mümkündür. Uzun illər “demokratiya ixracı” adı altında həyata keçirilən xarici müdaxilələr nəticəsində bu ölkələrdə yüz minlərlə sadə insan həyatını itirdi, milyonlarla insan qaçqın düşdü. Dövlət institutları dağıldı, əsas təhlükəsizlik dayaqları zəiflədi və ölkələr uzunmüddətli qeyri-sabitlik girdabına düşdü. Elə buna görə də hər hansı bir dövlət başçısını xarici qüvvələrin müdaxiləsi ilə hakimiyyətdən uzaqlaşdırmaq ölkələr üçün uzunmüddətli və dərin problemlər yaradır.
Əgər Maduro Venesuela xalqının maraqlarına cavab verməyən bir liderdirsə, onunla bağlı qərarı vermək hüquqi baxımdan yalnız Venesuela xalqının və ölkənin qanuni institutlarının işidir”.
Siyasi şərhçi onu da söyləyib ki, Maduronun hakimiyyətdən getməsi ehtimalı gündəmə gələrsə, onun hara gedə biləcəyi məsələsi açıq qalır:
“Tarix göstərir ki, siyasi təzyiq altında hakimiyyətdən uzaqlaşdırılan liderlər adətən özlərinə təhlükəsiz sığınacaq axtarırlar. Bu baxımdan Maduronun mümkün istiqamətlərindən biri kimi Rusiyanın adı çəkilə bilər. Necə ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç də siyasi böhran dövründə Rusiyaya sığınmışdı. Rusiya belə şəxsləri himayəyə götürməklə həm geosiyasi nüfuzunu artırır, həm də gələcəkdə onların geri qayıtması ehtimalını siyasi alət kimi istifadə edə bilir.
Lakin Maduronun xarici müdaxilə ilə hakimiyyətdən uzaqlaşdırılması o qədər də asan proses olmayacaq. ABŞ–Rusiya rəqabətinin kəskinləşdiyi indiki şəraitdə kiçik və orta dövlətlər özlərini qorumaq üçün iki böyük gücün siyasi toqquşma xəttində mövqe tutmaq məcburiyyətində qalırlar. Maduronun taleyi də məhz bu böyük geosiyasi oyunun içində müəyyənləşəcək”.
Cavanşir ABBASLI
Musavat.com