AZ

Paşinyan katolikosa qəti qələbədən əvvəlki “ölüm zərbəsini” vurdu...


Əli Orucov: “Nikol bundan sonra daha inamla Katolikos II Qareginin üzərinə gedəcək”

Ermənistan Baş naziri Nikol Paşinyanın partiyası Eçmiədzin kilsəsinin də yerləşdiyi Vaqarşapatdakı bələdiyyə seçkilərində qalib gəlib. Rəsmi məlumata görə, qalib qüvvə böyüdülmüş icma rəhbərliyində 33 yerdən 19-nu qazanmaqla yerli hökuməti təkbaşına formalaşdıra biləcək.

Səsvermədə ənənəvi radikal-revanşist müxalifət çox az sayda səs alıb. Ancaq daşnaklar istisna olmaqla. Maraqlıdır ki, onlar “İrəli” partiyası ilə koalisiyada səslərin 31.9%-ni əldə edib 2-ci yeri tutublar.

Beləcə, hakim “Mülki müqavilə” partiyası Gümrüdəki uğursuzluğun əvəzini çıxa bilib. Hərçənd, Rusiya hərbi bazasının yerləşdiyi Gümrüdə də Paşinyan partiyası qalib gəlmişdi, lakin təkbaşına yerli hökuməti qura bilmədiyi üçün müxalif fraksiyalar birləşərək ruspərəst Vardan Qukasyanı mer seçmişdilər (ötən ay korrupsiya ittihamı ilə həbs olunub).

Vaqarşapat uğuru o deməkdir ki, Paşinyan mövqelərini möhkəmləndirəcək və daha inamlı olacaq. Təsadüfi deyil ki, Paşinyan sosial şəbəkədəki hesabında bu qələbəni böyük sevinclə qarşılayıb: “Siz bununla “Vətəndaş Müqaviləsi” partiyasının dövlətçiliyimizi, müstəqilliyimizi, suverenliyimizi və azadlığımızı gücləndirmək strategiyasına sarsılmaz dəstək verdiniz. Səsinizlə müqəddəs məkanımız olan Eçmiədzin Ana Taxtının Ktriç Nersisyandan (II Qaregin) azad edilməsinə əhəmiyyətli təkan verdiniz. Argişti Mekhakyanı Vağarşapat icmasının genişləndirilmiş rəhbəri seçilməsi münasibətilə təbrik edirəm. Vaqarşapat sakinlərini təvazökar, lakin effektiv bir administrator olan Mekhakyanın seçilməsi münasibətilə təbrik edirəm. “Vətəndaş Müqaviləsi” partiyasından olan bütün həmkarlarımı və Ermənistan Respublikasının bütün vətəndaşlarını 2026-cı il seçkiləri öncəsi bu möhtəşəm müqəddimə münasibətilə təbrik edirəm. Ermənistan xalqı parlament seçkilərində qalib gələcək”.

Maraqlıdır, sözügedən uğur II Qareginin vəzifədən uzaqlaşdırılmasında qələbə kimi dəyərləndirilə bilər? Hesab etmək olarmı ki, artıq o qələbə ilə Paşinyan Katolikosu vəzifədən aşırdı?

“Çalışacaq ki, gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər bunu etsin”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov hesab edir ki, bu, Paşinyan kilsə ilə getdikcə kəskinləşən münasibətləri fonunda mövqelərini gücləndirəcək: “Nəticədə Nikol bundan sonra daha inamla katolikos II Qareginin üzərinə gedəcək. Ona görə də bu, onlara ciddi zərbədir. Yəni bu, Paşinyana Ermənistanın mənəvi paytaxtına daha inamlı nəzarət imkanı deməkdir. Ona görə ki, səsvermənin nəticələri ictimai əhval-ruhiyyənin göstəricisidir. Bu baxımdan hesab edirəm ki, Paşinyanın ictimai rəyi arxasına alaraq daha qətiyyətlə onun üzərinə gedəcəyi qaçılmazdır. Böyük ehtimalla, Paşinyan Katolikosu vəzifəsindən uzaqlaşdıracaq. Nikol çalışacaq ki, gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər bunu etsin. Ona görə ki, II Qaregin revanşist qüvvələrlə birlikdə hərəkət edir. Həmin qüvvələrin də Moskvadan idarə edilməsi hamıya məlumdur. Fikrimcə, bu dəfə də Paşinyan parlament seçkilərində qalib gəlsə, “Vətəndaş Müqaviləsi” partiyası hakimiyyəti təkbaşına qursa, kilsənin erməni cəmiyyətinə təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq”.

Vidadi ORDAHALLI

Seçilən
103
baki-xeber.com

1Mənbələr