Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ankara, 19 noyabr, AZƏRTAC
Türkiyə Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün mümkün addımlar atmağa çağırır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Türkiyə lideri Moskva ilə Kiyev arasındakı ziddiyyətlərin tənzimlənməsi üçün İstanbul danışıqlarının önəmini vurğulayaraq, Türkiyədə keçirilən üç raund müzakirələrdən sonra humanitar sahədə müəyyən irəliləyiş əldə olunduğunu qeyd edib. “İstanbul danışıqları zamanı tərəflər atəşkəs və sülh perspektivlərini birbaşa müzakirə etmək imkanına malik idilər”, – deyə o bildirib. Prezident əlavə edib ki, bu gün Zelenski ilə keçirilən görüşdə İstanbul prosesinin davam etdirilməsi də müzakirə mövzularından biri olub.
Ərdoğan müharibənin dağıdıcı nəticələrinin tərəflərə getdikcə daha çox təsir göstərdiyini vurğulayaraq deyib: “Mövcud vəziyyətdə İstanbuldakı danışıqlar sülhə doğru diplomatik səylərin xüsusilə vacib bir mərhələsidir”. O həmçinin enerji infrastrukturu obyektlərinə endirilən zərbələrin aradan qaldırılması çətin olan ciddi nəticələrə səbəb olduğunu qeyd edib.
Bu baxımdan Türkiyə Prezidenti problemlərin miqyaslı həllinə diqqət çəkərək İstanbul prosesinin bərpasının önəmini xüsusi vurğulayıb. “Türkiyə qan tökülməsinin dayandırılmasını istəyən bütün tərəfdaşlarından İstanbul prosesinə konstruktiv yanaşma nümayiş etdirmələrini gözləyir. Biz həmçinin atəşkəsi yaxınlaşdıracaq və ədalətli, uzunmüddətli sülhə yol açacaq təşəbbüsləri Rusiya ilə müzakirə etməyə hər zaman hazırıq”, – deyə o bildirib və bu prosesdə ABŞ-ın iştirakının əhəmiyyətini qeyd edib.
Ərdoğan iki ölkə arasındakı tarixi əlaqələrə toxunaraq, Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tanınmasına dair mövqeyinin dəyişməz olduğunu bir daha diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyənin tikinti şirkətləri Ukraynanın bərpasına töhfə verməyə hazırdır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.