AZ

Ağdam şəhərinin işğaldan azad edildiyi gündür

20 noyabr Ağdam şəhərinin işğaldan azad edildiyi gündür.

Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.

 

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Rayon uğrunda erməni işğalçılarına qarşı 5 ildən artıq gedən döyüşlərdə 5 min 897 nəfər şəhid olub, 3 min 531 nəfər yaralanıb. İşğal dövründə rayona 13 milyard 135 milyon Amerika Birləşmiş Ştatları dolları məbləğində ziyan dəyib.

Ağdam işğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonun inzibati ərazisinə 1 şəhər, 14 qəsəbə, 123 kənd daxildir. Rayon mərkəzi Qarqar çayından 3 kilometr məsafədə – Qarabağ düzünün cənub-şərqində yerləşir. İşğaldan əvvəl Ağdamın 143 min nəfər əhalisi olub. Rayonun işğal edilmiş ərazisində 38 kolxoz və sovxoz, 24 tikinti təşkilatı, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 99 klub olub. Qədim tarixə malik Qarağacı qəbiristanlığı, Xocalı soyqırımı qurbanlarının da dəfn edildiyi I və II Şəhidlər xiyabanları erməni vəhşiliyinə məruz qalıb.

Ağdam Bakıdan sonra ölkəmizdə ən çox qalereyaya, sərgi salonlarına və muzey eksponatlarına malik ikinci şəhər olub. Rayon ərazisində qeydiyyatda olan 134 tarix mədəniyyət abidəsi, 4 dünya, 2 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə olub. Həmin abidələrin 75-i işğal zonasında qalmışdı. İşğaldan əvvəl rayon ərazisində 3 min 6 hektar meşə sahəsi mövcud idi. Təbiət abidəsi kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton Çobandağ əhəngdaşı, həmçinin 44,708 min tonluq Boyəhmədli və 25, 197 min tonluq Şorbulaq gil yataqları işğal altında qalmışdı.

 

Artıq keçmiş məcburi köçkünlər Ağdama dönüşü başlayıb. Xıdırlı, Sarıcalı, Kəngərli kəndləri öz sakinlərini qoynuna alıb. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulan müasir şəhər illərdən bəri doğma yurda qayıtmaq arzusu ilə yaşayan sakinlərə öz qapısını açıb. Rayonda gedən tikinti-quruculuq işləri isə getdikcə yeni vüsət alır – sosial obyektlər, binalar və mənzillər tikilir, abad küçə və prospektlər salınır. Abadlığı və gözəlliyi ilə həmişə göz oxşamış Ağdamda sıralanan evlərin ağ damları onun yenə də abad, müasir yaşayış məskəninə və ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcəyini göstərir.

AzPost.az

Seçilən
27
azpost.info

1Mənbələr