AZ

Ekspertlər XƏBƏRDARLIQ edir: Bu qidaların istehlakı azaldılmalıdır

Ajans.az bu barədə BBC-yə istinadən xəbər verir. Onlar bildiriblər ki, ucuz, yüksək dərəcədə emal olunmuş qidalara keçid piylənmə və depressiya da daxil olmaqla bir sıra xroniki xəstəliklər riskini artırır. "The Lancet"də yazan tədqiqatçılar hökumətlərin daha qidalı məhsullara əlçatanlığı maliyyələşdirmək üçün tədbir görməli və ultra emal olunmuş məhsullara xəbərdarlıqlar və daha yüksək vergilər tətbiq etməli olduqlarını qeyd edirlər. Lakin bəzi alimlər bu araşdırmanın ultra emal olunmuş məhsulların birbaşa sağlamlığa zərər verdiyini sübut edə bilməyəcəyini və bunu göstərmək üçün daha çox tədqiqat və sınaqların aparılmalı olduğunu söyləyirlər. Ultra emal olunmuş qidalar tərkibində beşdən çox maddə ehtiva edən qidalardır: məsələn, emulsifikatorlar, konservantlar, əlavələr, boyalar və dadlandırıcılar. Ultra emal olunmuş qidalara misal olaraq kolbasa, çips, un məmulatları, peçenye, hazır şorbalar, qazlı içkilər, dondurma və supermarket çörəyini göstərmək olar. Sorğular göstərir ki, sənaye üsulu ilə istehsal olunan bu qidalar dünyada insanların qida rasionunda artmaqdadır. Çoxlu şəkər və sağlam olmayan yağlar, lif və zülal çatışmazlığı ilə birlikdə yediyimiz qidaların keyfiyyətini aşağı salır. 43 qlobal mütəxəssis tərəfindən aparılan və 104 uzunmüddətli tədqiqata əsaslanan bu araşdırmadakı dəlillərin icmalı bu qidaların 12 sağlamlıq probleminin daha yüksək riski ilə əlaqəli olduğunu göstərir. Bunlara 2-ci tip diabet, ürək-damar xəstəliyi, böyrək xəstəliyi, depressiya və hər hansı bir səbəbdən vaxtından əvvəl ölüm daxildir. Qidaların təsnifatı üçün "Nova" təsnifat sistemini quran Braziliyanın San Paulo Universitetindən olan professor Karlos Monteyro bildirib ki, ultra emal olunmuş qidaların artan istehlakı "dünya miqyasında qida rasionunu yenidən formalaşdırır, təzə və minimal emal olunmuş qidaları və yeməkləri əvəz edir". İcmalda bu qidaların sağlamlığa necə zərər verdiyini dəqiq göstərən klinik sınaqların olmaması etiraf olunur, lakin bunun dünya miqyasında insanları potensial sağlamlıq zərərlərindən qorumaq üçün tədbirlərin gecikdirməməli olduğu bildirilir.

"Nova" təsnifat sisteminin tənqidçiləri isə bildirib ki, bu araşdırma yeməklərin qidalılıq səviyyəsindən çox emal səviyyəsinə diqqət yetirir. Məsələn, tam taxıl çörəyi, dənli bitkilər, az yağlı qatıq və s. kimi qidalar ultra emal olunmuş hesab olunur, lakin tərkibində çoxlu faydalı maddələr var.

Seçilən
87
Ajans.az

1Mənbələr