BAKI, 20 noyabr. TELEQRAF
Parisdə Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunda (IRIS) Türkmənistan-Fransa münasibətlərinə dair elmi-praktik konfrans keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzi məlumat yayıb.
Tədbir Türkmənistanın neytrallığının 30-cu ildönümü və Məxtimqulu Fəraqinin irsinə həsr olunub. Əsas diqqət elm və təhsil sahəsində əməkdaşlığa yönəldilib.
Konfransı Türkmənistan səfirliyi təşkil edib. Görüş zamanı vurğulanıb ki, milli təhsil sisteminin inkişafı və onun dünya birliyinə inteqrasiyası ölkənin prioritetləri olaraq qalır.
Səfir qeyd edib ki, Türkmənistanın etimad və dialoqa əsaslanan daimi neytrallıq siyasəti Mərkəzi Asiyada sabitliyi qoruyur və Fransa ilə tərəfdaşlığa şərait yaradır.
Məxtimqulu Fəraqinin irsinə xüsusi diqqət yetirilib. İştirakçılar söyləyiblər ki, onun fəlsəfəsində yer alan humanizm və sülh ideyaları ölkələr arasında mənəvi körpü rolunu oynayır.