Birləşmiş Ştatların rəhbəri Donald Trampın Rusiya-Ukrayna savaşı ilə bağlı hazırladığı 28 bəndlik sülh planı açıqlanandan sonra nəzərlər Kiyevə yönəlib. Belə məlumatlar yayılıb ki, Vaşinqton Ukrayna prezidenti Volodimir Zelenskinin 27 noyabra qədər Ukraynadakı münaqişənin həlli üçün yeni sülh planının imzalamasını gözləyir.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
“ABŞ rəsmiləri Zelenskinin müqaviləni gələn həftə Şükranlıq günündən (27 noyabr - red.) əvvəl imzalayacağını gözləyir ki, o, sülh müqaviləsini bu ayın sonunda Moskvaya təqdim edə bilsin. Onlar bu prosesi noyabr ayının sonuna qədər başa çatdırmaq istəyirlər ki, münaqişənin həllinin bütün mərhələləri 2025-ci ilin dekabr ayına qədər tamamlansın“, - məlumatda deyilir.
Müharibə bu tarixdə bitəcəkmi?
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında Volodimir Zelenskinin çıxış yollarının tamamən tükəndiyini qeyd edib:
“Trampın irəli sürdüyü sülh planı Rusiya ilə birgə hazırlanıb. Avropa İttifaqı bu plana qarşıdır. Ukrayna prezidenti narazı da olsa, danışıqların aparılacağını elan edib. Burada Donbasın bir hissəsi bufer zona olacaq. Ukrayna qoşunları Donbasdan çıxacaq. Rusiya tutduğu ərazilərdə qalır və digər istiqamətlərdə müəyyən qədər geri çəkilir. Təmas xətti qurulur. Bu, Ukrayna üçün mənfi ssenaridir. Amma müharibəni dayandırmaq üçün bir plandır.
Sənəddə dəyişikliklər gözlənilir. Burada Rusiya məqsədlərinə çatmasa da, digər qonşu ölkələrə qarşı müəyyən dərəcədə təzyiqlər edəcək.
Ukrayna prezidentinin daxili siyasi vəziyyəti stabil deyil. Korrupsiya qalmaqalı Zelenskini zəif düşürüb. O, ya ABŞ-ın sözünə baxmalı, sənədə imza atmalı, ya da Avropa İttifaqı ilə birgə yox deməlidir. Yox desə, Zelenski və ABŞ arasında dərin problem olacaq.
Hazırda ABŞ Rusiyaya sanksiyalar tətbiq edir. Düşünürəm ki, sənədə Ukraynanın maraqlarını əks etdirən bəndlər salınsa, imzalana bilər”.