AZ

D-8 platforması diqqət mərkəzində

D-8 ideyası 1997-ci ildə Türkiyənin təşəbbüsü ilə formalaşanda dünya dərin geosiyasi dəyişikliklərin astanasında idi. “Soyuq müharibə” nin bitməsi yeni qlobal güc bölgüsünü hələ tam müəyyən etməmiş, Qlobal Cənub ölkələri isə öz iqtisadi maraqlarını qorumaq üçün alternativ əməkdaşlıq formatları axtarırdı. Belə bir şəraitdə D-8, yəni İnkişaf Edən Səkkizlərin yaradılması müsəlman dünyasının iqtisadi- siyasi baxımdan yeni bir kollektiv güc formalaşdırmaq cəhdi kimi meydana çıxdı. Təşkilatın coğrafiyası genişdir: Ankaradan Cakartaya, Qahirədən Dəkkəyə qədər uzanan xəritə ilk baxışda heterogen görünə bilər. Amma bu müxtəliflik üçün səthə baxmaq kifayət etmir, çünki bu ölkələri birləşdirən dərin strukturlar var.

Əslində, D-8-in mərkəzində İslam dünyasının yalnız dini identikliyi deyil, həm də sınaqlarla dolu inkişaf trayektoriyası dayanır. Bunlar illərdir qlobal iqtisadi düzəndə kənarlara sıxışdırılan, ticarət balansı mənfi, texnologiya ixracatçısı olmayan, enerji və xammal təminatçıları kimi qalan dövlətlərdir. Elə buna görə də D-8 özünü alternativ iqtisadi platforma kimi təqdim edir: bir tərəfdən ədalətli ticarət modelinə keçidi hədəfləyir, digər tərəfdən isə Qlobal Cənubun siyasi iradəsini daha koordinasiyalı şəkildə ifadə etmək istəyir. D-8 nə mühafizəkar, nə də ideoloji birlikdir; daha çox rasional maraqların üst-üstə düşdüyü realpolitik mərkəzidir.

Bəs belə bir coğrafi fraqmentasiya fonunda D-8 nə dərəcədə təsirli ola bilər? Məsələn, İndoneziya ilə Nigeriyanı, Pakistanla Misiri eyni masaya oturtmaq hansı ölçüdə fayda gətirir? Bu baxış səthi analiz təsiri bağışlaya bilər, çünki platformanın məqsədi regional birlik yaratmaq deyil, müsəlman ölkələrinin potensialını qlobal iqtisadi sistemdə daha sərfəli şəkildə birləşdirməkdir. D8 ölkələrinin ümumi ÜDM-i 4 trilyon dollardan çox, əhalisi isə 1 milyarddan artıqdır. Enerji, texnologiya, istehsal və ticarət sahələrindəki potensialı bir araya gətirsək, ortaya beynəlxalq sistemdə yeni çəkidə bir oyunçu çıxır. Burada daha maraqlı sual ortaya çıxır: D-8 real güc mərkəzinə çevrilə bilərmi?

Analitik yanaşma göstərir ki, təşkilatın gələcəyi institusional mexanizmlərin nə dərəcədə gücləndirilməsindən asılıdır. Əgər üzv dövlətlər vahid ticarət qaydaları, enerji tranziti mexanizmləri və texnoloji əməkdaşlıq xətti qura bilsə, D-8 yalnız iqtisadi blok deyil, həm də qlobal siyasətin mühüm qolu ola bilər. Yox əgər bu koordinasiya zəif qalsa, platforma zamanla simvolik xarakter daşıyan geniş “dialoq çərçivəsi”nə çevriləcək. Maraqlısı odur ki, D-8-in gələcək transformasiyası indi yalnız üzv ölkələrdən asılı deyil. Qlobal sistemdə Qərb–Şərq güc balansının dəyişməsi, enerji yollarının yenidən çəkilməsi, Asiyanın yüksəlişi və İslam dünyasının öz iqtisadi mərkəzlərini formalaşdırmaq istəyi bu quruma yeni dinamika qazandırır. Məhz belə bir kontekstdə Azərbaycan məsələsi diqqət mərkəzinə gəlir. Çünki sual artıq budur: Azərbaycan D-8-in kənarında dayanacaq təsadüfi müşahidəçi dövlət olaraq qalır, yoxsa bu platformanın yeni strateji dayağına çevrilmək potensialına malikdir? D-8-in indiki vəziyyəti və regionun dəyişən geosiyasi reallıqları göstərir ki, bu sual getdikcə praktik xarakter almağa başlayır. Ənənəvi oyunçuların yanında yeni güc qovşaqlarının yaranması, xüsusən enerji, nəqliyyat və diplomatik əlaqələndirmə sahəsində Azərbaycanın yüksəlişi bu platformaya başqa prizmadan baxmağı tələb edir.

D-8-in strukturuna diqqətlə baxanda bir məqam dərhal nəzərə çarpır: bu təşkilatın üzvləri böyük əhali və iri iqtisadi gövdələrə malik olsa da, yekun mənzərədə onları birləşdirəcək vahid tranzit, enerji və siyasi koordinasiya mərkəzi yoxdur. Bu, təşkilatın ən zəif nöqtəsidir və uzun illərdir D-8-in institusional olaraq güclənməsinə mane olan amillərdən biridir. Elə bu boşluq fonunda Azərbaycan məsələsi öz-özünə deyil, reallığın içindən doğularaq aktuallaşır. Azərbaycan hazırda Avrasiya məkanında təkcə coğrafi deyil, siyasi baxımdan da keçid ölkəsi statusuna yeni məna qazandıran nadir dövlətlərdəndir. Klassik mənada tranzit ölkəsi olmaq – yəni boru xətlərinin keçdiyi məkan rolunda qalmaq artıq kifayət etmir. Müasir geosiyasət tranzitdən daha çox “tranzitin idarəçiliyini” önə çıxarır. Azərbaycan isə həm nəqliyyat, həm enerji, həm də siyasi koordinasiya baxımından bu idarəçilik gücünü formalaşdırıb.

Niyə məhz Azərbaycan və niyə məhz indi? Cavab çoxşaxəlidir, amma səbəblər, bir-birini tamamlayan məntiq var. Birincisi, Azərbaycan son onillikdə enerji diplomatiyasını regional alətdən qlobal təsir mexanizminə çevirib. TANAP və TAP Avropanın enerji xəritəsini yenidən çəkdi, Bakı–Tbilisi–Ceyhan isə hələ 2006-cı ildən bəri Qara dəniz və Aralıq dənizi arasında yeni enerji koridoru qurdu. Bunlar isə D-8 üçün son dərəcə kritik məsələdir, çünki təşkilat üzvlərinin əksəriyyəti enerji baxımından ya idxalatçı, ya da ixracatçı olsa da, bu iki qütb arasında səmərəli əlaqə yarada biləcək sabit tranzit qovşağına malik deyillər. İkincisi, Azərbaycan logistik baxımdan D-8-in ən zəif halqalarına cavab verir. İslam dünyasının demək olar ki, bütün ticarət axınları ya Hind okeanına, ya da Qırmızı dəniz–Süveyş xəttinə fokuslanıb. Bu marşrutların hər ikisi həm bahalıdır, həm də təhlükəlidir. Orta Dəhliz isə tam fərqli coğrafi logika təklif edir.

Elə bu kontekstdə başqa maraqlı bir analitik sual ortaya çıxır: Əgər Zəngəzur dəhlizi tam açıq və davamlı işlək vəziyyətə gəlsə, bu, D-8 üçün nə demək olar? Cavab kifayət qədər açıqdır: D-8-in iqtisadi xəritəsi Qahirədən Cakartaya qədər uzanan, amma heç yerdə tam birləşməyən bir mozaikadan ibarətdir. Zəngəzur isə bu mozaikanın çatışmayan parçalarından biridir. Pakistan–Azərbaycan–Türkiyə xətti yalnız üç ölkənin maraqlarını deyil, faktiki olaraq, bütün D-8 məkanının Avrasiya iqtisadi sisteminə inteqrasiyasını təmin edə bilər.

Üçüncüsü, Azərbaycanın geosiyasi mövqeyi D-8 üçün sabitlik faktorudur. İslami birliklər çox halda ideoloji çərçivəyə sıxılır və praktik nəticə vermir. Azərbaycan isə həm Qərblə, həm regionla, həm Türkiyə ilə, həm də müsəlman dünyasının müxtəlif siyasi blokları ilə balanslı münasibət qura bilən azsaylı ölkələrdəndir.

Azərbaycan bu ziddiyyətli xəritədə vasitəçi güc kimi qəbul oluna bilərmi? Əgər son illərin diplomatik xəritəsinə baxsaq, cavab birmənalı şəkildə müsbətdir. Bakı həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Qoşulmama Hərəkatında dialoq yönümlü siyasətlə çıxış edib və qarşıdurmaların yumşaldılması prosesində fəal iştirak edib. Mövcud təcrübə D-8 çərçivəsində də mühüm rol oynaya bilər, çünki iqtisadi uğur siyasi sabitlik və qarşılıqlı etimaddan keçir. Dördüncü bir səbəb də var: Azərbaycanın yumşaq güc modelinin D-8 üçün cəlbedici olması. Bakı multikulturalizm ideyasını diplomatik alət kimi istifadə edir.

Azərbaycanın D-8 məkanında aktiv oyunçuya çevrilməsi təkcə təşkilatın öz strukturuna yeni dinamika gətirməz; bu proses Azərbaycanın regional və qlobal siyasətdəki yerini də daha gözəçarpan şəkildə möhkəmləndirər. Burada məntiq sadədir: iqtisadi platformalar təkcə iqtisadiyyatla məhdudlaşmır. Onlar yeni diplomatik əlaqələr, təhlükəsizlik çərçivələri, tranzit üstünlükləri və bazar inteqrasiyaları yaradır. D-8 kimi inkişaf etməkdə olan, böyük potensiala malik blok kimi Azərbaycan üçün həm meydan, həm də imkanlar sistemidir. Məsələni sadə bir sualla başlayaq: Əgər Azərbaycan rəsmi olaraq D-8 platformasına qoşulsa və ya genişlənmə modellərində xüsusi tərəfdaş statusu alsa, real nəticələr nə ola bilər?

Birinci nəticə iqtisadi xarakter daşıyır. Azərbaycan hazırda enerji ixracatçısı kimi tanınsa da, gələcək inkişaf modelində texnoloji modernizasiya, rəqəmsal iqtisadiyyat və tranzit xidmətləri ön plana çıxır. D-8 məkanında isə texnologiya istehsalı və rəqəmsal modernizasiya sahəsində ciddi boşluqlar var. Pakistanın kibertexnologiya üzrə yüksəlişi, Malayziyanın yüksək texnologiya sənayesi, İndoneziyanın startap ekosistemi, Türkiyənin müdafiə sənayesi təcrübəsi – bütün bunlar Azərbaycanla birlikdə dayanıqlı texnoloji sinerji yarada bilər. Bakı bu prosesdə həm texnologiya idxalçısı deyil, həm də regional rəqəmsal qovşaq kimi çıxış edə bilər.

İkinci strateji qazanclar logistika və ticarət xəritəsinin dəyişməsi ilə bağlıdır. D-8 daxilində ticarətin həcmi potensialına nisbətən aşağıdır və ən böyük səbəb dəhlizlərin parçalanmış olmasıdır. Azərbaycan bu problemi neytrallaşdırır. Bakı–Tbilisi–Qars xətti, Bakı limanı, Orta Dəhliz və gələcək Zəngəzur dəhlizi D-8 məkanının Avrasiya ilə birləşdirici sütunlarına çevrilə bilər. Əgər bir blok öz tranzit sistemini idarə edə bilirsə, o blok artıq siyasi gücdür. Azərbaycan isə məhz bu idarəçiliyi təmin edə biləcək yeganə aktorlardan biridir.

Üçüncü perspektiv təhlükəsizlik və müdafiə əməkdaşlığıdır. Azərbaycan, Türkiyə və Pakistan arasında artıq formalaşan strateji üçlük D-8 çərçivəsində genişlənə bilər. Misir kimi ərəb dünyasının əsas gücü, İran kimi regionun mühüm aktoru və Nigeriya kimi Afrika nəhəngi ilə genişləndirilmiş təhlükəsizlik dialoqu Azərbaycanın mövqeyini daha da gücləndirə bilər.

Burada başqa bir sual ortaya çıxır: Azərbaycan üçün belə bir təhlükəsizlik çərçivəsi nə dərəcədə faydalıdır? Fayda əsasən iki istiqamətdə özünü göstərir:

Biri, Azərbaycanın öz təhlükəsizlik paradiqmasını regional səviyyədən qlobal səviyyəyə daşımasıdır. Digəri isə ölkənin strateji tərəfdaşlarının sayının və coğrafiyasının genişlənməsidir.

Bütün bu istiqamətləri yan-yana qoyanda ortaya aydın mənzərə çıxır: Azərbaycan D-8 sisteminə daxil olarsa, həm Qlobal Cənubun yeni iqtisadi arxitekturasında, həm Avrasiyanın logistika xəritəsində, həm də müsəlman dünyasının siyasi koordinasiya sistemində aparıcı oyunçuya çevrilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Seçilən
26
xalqqazeti.az

1Mənbələr