AZ

D-8 Media Forumu: “Azərbaycan jurnalistlərinin beynəlxalq...”

Dünən Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin media sahəsinə məsul qurumlarının rəhbərlərinin, aparıcı media subyektləri nümayəndələrinin və tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilib. 

Tədbirdə əvvəlcə Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.

Forum çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya”, “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzularında panel sessiyalar, eləcə də “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşop keçirilib. 

Ümumilikdə 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə daxil olmaqla, 150-yə yaxın iştirakçı tədbirdə yer alıb.

D-8 Media Forumu regional həmrəylik və informasiya mübadiləsinə necə təsir göstərəcək?

Bununla bağlı “Cebheinfo.az”-a danışan Əməkdar jurnalist, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli bildirib ki, belə bir tədbirin keçirilməsi ilk növbədə beynəlxalq diqqətin Azərbaycana yönəlməsidir.

Onun sözlərinə görə, ikinci mühüm məqam həm dünyada, həm də Azərbaycanda informasiya mühitinin diqqət mərkəzinə gətirilməsidir:

"Burada ən vacib tərəf isə Azərbaycan jurnalistlərinin beynəlxalq media sistemi ilə təcrübə mübadiləsi fürsəti əldə etməsidir. Hesab edirəm ki, burada həm bizim medianın öyrənə biləcəyi, həm də öyrədə biləcəyi çox məqamlar var. Belə tədbirlərin Azərbaycanda keçirilməsi, sözsüz ki, ölkədə media mühitinin zənginləşməsinə təsir göstərir”. 

Seçilən
32
cebheinfo.az

1Mənbələr