Müasir beynəlxalq münasibətlər sistemində ağır geosiyasi sınaqların mərkəzində dayanan Ukraynada baş verənlər bu gün bütövlükdə dünya nizamı üçün təhlükəsizlik arxitekturasının nə qədər kövrək olduğunu göstərir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli deyib.
Millət vəkili bildirib ki, bu faciənin kökündə isə təkcə regional güclərin maraqlarının toqquşması yox, həm də dövlət idarəçiliyi və siyasi liderlik səviyyəsində buraxılmış strateji boşluqlar dayanır:
"Ukraynanın yaşadığı böhran beynəlxalq hüququn selektiv tətbiqi, qlobal güc mərkəzlərinin ikili standartları və ən əsası, dövlətin milli maraqlarını qətiyyətlə müdafiə edə bilən liderliyin olmamasının acı nəticələrini ortaya qoyur. Bu reallıqdan çıxış edərək hər bir ölkə üçün liderlik, təhlükəsizlik və strateji düşüncə amillərinin həyati önəm daşıdığı daha aydın görünür. Azərbaycanın son illərdə keçdiyi yol, məhz bu kontekstdə xüsusi diqqət kəsb edir".
Deputat vurğulyıb ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqları ilə bağlı mövqeyi beynəlxalq hüquqa tam uyğun idi:
"Rəsmi Bakı daim qəbul edilmiş BMT qətnamələrinin icrasını tələb edir, haqlı mövqeyini beynəlxalq tribunalarda səsləndirirdi. Lakin özlərini demokratiya, insan hüquqları və beynəlxalq təhlükəsizlik sisteminin qarantı adlandıran qüvvələr sanki bu səsi eşitmək istəmirdilər. Status-kvonun qorunması üçün müxtəlif siyasi, diplomatik və informasiya mexanizmləri işə salınır, Ermənistanın işğalçı siyasəti faktiki olaraq legitimləşdirilməyə cəhd edilirdi. Bu, təkcə ədalətsizlik deyil, həm də beynəlxalq sistemin selektiv yanaşmasının növbəti sübutu idi. Belə bir şəraitdə Azərbaycanın qarşısında yalnız bir yol qalırdı: prinsipial, ardıcıl, məqsədyönlü və qətiyyətli siyasət xətti yorulmadan davam etdirmək".

Parlamentarinin sözlərinə görə, Prezident İlham Əliyev 2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin strateji siyasi xəttini davam etdirərək mürəkkəb və ədalətsiz geosiyasi mühitdə Azərbaycanı gücləndirmək, dövlətin siyasi, hərbi və iqtisadi potensialını yüksəltmək üçün sistemli, dərin strateji baxışa əsaslanan siyasət yürütməyə başladı. Bu siyasətin əsas xüsusiyyətləri bir neçə mühüm amil təşkil edirdi:
- Birinci amil atılan bütün addımların məqsədyönlü xarakter daşıması idi. Azərbaycanın milli güc potensialı ardıcıl olaraq artırılır, ordu quruculuğu, diplomatik fəaliyyət, iqtisadi modernizasiya paralel aparılırdı.
- Digər önəmli faktor prinsipiallıqdır. Prezident İlham Əliyev işğalla barışmayan ölkə rəhbəri kimi daim bəyan edirdi ki, Azərbaycan heç vaxt torpaqlarının Ermənistan tərəfindən təklif edilən "daimi status-kvo"ya qurban verilməsinə imkan verməyəcək.
- Başqa bir önəmli faktor praqmatiklikdir. Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə balanslaşdırılmış, lakin suverenliyə xələl gətirməyən siyasət yürüdür, böyük güclər arasında tarazlıq yaradır, amma ölkənin milli maraqların qorunması prinsipi dəyişməz qalırdı.
- Mühüm əhəmiyyət kəsb edən amillərdən biri də şübhəsiz ki, qətiyyətdir. Azərbaycan liderinin qətiyyətli mövqeyi nəticəsində ölkəmizin haqlı tələblərini inkar etmək günbəgün mümkünsüzləşir, Ermənistanın havadarlarının status-kvonu rəsmiləşdirmək cəhdləri tükənir və nəticədə bütün bu yanaşmalar iflasa uğrayırdı. Bu liderlik modeli klassik siyasi nəzəriyyələrdə təsvir olunan "strateji dövlət rəhbəri" tipinə tam uyğundur - öz xalqının maraqlarını hər şeydən üstün tutan, emosiyadan deyil, hesablanmış qərarlardan çıxış edən, lakin lazım olan anda maksimal iradə ortaya qoyan lider.
E.Mirzəbəyli əlavə edib ki, 2020-ci il Vətən müharibəsi və ondan sonrakı antiterror tədbirləri Azərbaycanın milli gücünün zirvəsi oldu. Azərbaycan heç kimdən yardım almadan, xarici hərbi qüvvələrə söykənmədən, yalnız öz iqtisadi, hərbi, diplomatik və siyasi gücünə arxalanaraq ərazi bütövlüyü və suverenliyini bərpa etdi.

"Bu, postsovet məkanında analoqu olmayan fenomendir. Azərbaycan nəinki işğala son qoydu, həm də regionda yeni geosiyasi reallıq yaratdı. Əslində bu nəticə təkcə hərbi qələbə deyil, liderliyin gücü, strateji düşüncə, xalqa arxalanan dövlət iradəsinin qələbəsidir.
Bu gün Ukraynanın yaşadığı faciənin əsas səbəblərindən biri də məhz güclü strateji liderliyin olmamasıdır. Nəticədə Ukraynanın təhlükəsizlik konsepsiyası parçalanıb, siyasi hakimiyyət daxilində vahid strateji xətt sıradan çıxıb və yaxud ümumiyyətlə olmayıb, xarici qüvvələrin təsiri isə daxili siyasəti müəyyənləşdirən başlıca amilə çevrilib. Belə olan halda ölkə nə diplomatik müstəvidə vahid mövqeyini qoruya bilib, nə də milli güc amillərini zamanında ortaya qoymağı bacarıb. Bunun nəticəsi isə ağır geosiyasi fəlakət olub.
Azərbaycan nümunəsi göstərir ki, güclü liderlik millətin və dövlətin təhlükəsizliyinin əsas təminatçısıdır. Gerçək liderin strateji baxışı dövlətin gələcəyini müəyyən edir. Prinsipiallıq və qətiyyət beynəlxalq aləmdə hörmət və nəticə qazandırır, ədalət isə yalnız güclə təmin olunur.
Azərbaycanın son illərdə qazandığı tarixi uğurlar, dövlətin regional və qlobal miqyasda artan rolu, ən əsası isə 30 ildən sonra ədalətin bərpa olunması bir həqiqəti sübut edir: Güclü, xarizmatik, geniş dünyagörüşünə malik, strateji baxışlı və vətənpərvər lider dövlətin ən böyük sərvətidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan məhz belə bir liderlik modeli ilə hər bir çətinliyi yenməyi bacardı, tarixə öz gücü, öz iradəsi ilə yazılan zəfərin müəllifi oldu. Bu gün bir çox dövlətlər, o cümlədən Ukraynanın yaşadığı faciələr onu göstərir ki, liderlik boşluğu bəzən ordudan, iqtisadiyyatdan, hətta beynəlxalq dəstəkdən də qat-qat təhlükəlidir. Azərbaycan isə yüksək liderlik keyfiyyətləri, xalq-dövlət birliyi və strateji iradə sayəsində öz taleyini özü yazan dövlətə çevrilib", - deyə o fikirlərini yekunlaşdırıb.