AZ

Azərbaycana qayıdan futbolçu ilə bağlı BÜTÜN DETALLAR üzə çıxdı

Kosovo təmsilçisi "Malışeva"dan ayrılan Yusif İmanov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

“Sabah”dakı çıxışları ilə tanınan qolkiper “Kəpəz”ə transfer olunub və artıq “Karvan-Yevlax”la oyun üçün sifariş olunub.

Məlum keçiddən sonra sual yaranır – yayda “Sabah”la müqaviləni birtərəfli qaydada pozaraq Kosovoya yollanan Yusifin karyerasını Azərbaycanın digər klubunda davam etdirməsi hüquqi cəhətdən nə dərəcə mümkündür?

Məsələ ilə bağlı araşdırma aparandan sonra ümumi mənzərə ilə tanış olduq.

Deməli, “Sabah”ın İmanovu yay təlim-məşq toplanışından uzaqlaşdırıb ölkə xaricinə aparmaması futbolçuya xoş gəlməyib.

O, klubdan ayrılmaq qərarını verib və əlində olan şikayət məktubu ilə AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsinin qapısını döyüb. Ardınca legioner həyatı yaşamaq istəyi ilə Kosovoya üz tutub.

Geridə qalan təxminən 3 ay müddətində AFFA-nın sözügedən komitəsi şikayətlə bağlı qərar qəbul etməyib. Və belədə Yusifin “Sabah”la davası havadan asılı vəziyyətdə qalıb.

“Malışeva”dakı işləri də istədiyi səmtdə getməyib. Klub müqavilə öhdəliklərini yerinə yetirməyərək futbolçunun anlaşmada nəzərdə tutulan maaşını verməyib. Səbr kasası daşan İmanov bu dəfə FİFA-ya şikayət edərək Avropa ölkəsindən ayrılıb.

Bu anda “Kəpəz”dən aldığı təklif Yusifi yenidən Azərbaycana qayıtmağa səsləyib. Vu burada hansısa qanun pozuntusundan söhbət gedə bilməz.

Ona görə ki, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi işlə bağlı qərar qəbul etməyib. Qərar etmədiyi üçün də Yusif futbolçu karyerasını davam etdirməkdə sərbəstdir.

Komitə nə vaxtsa qərar qəbul etsə və İmanovun “Sabah”la mübahisədə uduzan tərəf olduğunu bildirsə, o zaman futbolçu ilə bağlı hansısa cərimə sanksiyası tətbiq olunacaq Yusif isə qərarla razılaşmayaraq AFFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət məktubu göndərməkdə sərbəst tərəfə çevriləcək.

Yox, futbolçunun haqlı tərəf olduğu sübuta yetirilsə, “Sabah” keçmiş oyunçusunun tələb etdiyi təxminən 50 min manat təzminatı ödəmək məcburiyyətində qalacaq.

Qısası, hazırda səbəbkarın karyerasını peşəkar səviyyədə davam etdirməklə bağlı heç bir problem yoxdur. Hər iki klubdan narazı olduğuna görə müvafiq orqanlara şikayət edib, futbol oynamaqda davam etməsində heç bir problem yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
19
sportinfo.az

1Mənbələr