AZ

NATO-nun Baş katibindən rəqəmsal innovasiyaların sürətləndirilməsinə dair ÇAĞIRIŞ

Yazını böyüt
Yazını kiçilt

NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirilən üçüncü NATO Bulud Konfransında Alyansın rəqəmsal müdafiəsinin gücləndirilməsində sənayenin həlledici rolunu qeyd edərək, güclü və innovativ sənaye olmadan güclü müdafiənin mümkün olmadığını bildirib.

Hafta.az xəbər verir ki, NATO və tərəfdaş ölkələrdən hökumət, sənaye və akademik dairələrin 500-dən çox nümayəndəsinin qatıldığı tədbirdə Baş katib artmaqda olan təhdidlər fonunda daha sıx əməkdaşlığa ehtiyac duyulduğunu diqqətə çatdırıb. O, rəqiblərin süni intellekt və kvant hesablama sahəsində irəliləyişlər əldə etmələri barədə xəbərdarlıq edərək üzv ölkələrin bulud texnologiyalarının tətbiqini sürətləndirməsinin vacibliyini vurğulayıb. M.Rutte bunun üçün NATO-nun Bulud və Edge hesablama siyasətinin, həmçinin “Allied Software for Cloud and Edge Services (Project ACE)” təşəbbüsünün qətiyyətlə həyata keçirilməsinə çağırıb. Baş katib qeyd edib ki, bu addım məlumat mübadiləsini sürətləndirəcək və qərarvermə prosesini optimallaşdıracaq.

Rusiya hücumlarının təsirini azaltmaq üçün Ukraynanın bulud sistemlərinə sürətli keçid təcrübəsinə diqqət çəkən Baş katib, Haaqa Sammitinin qərarlarını da xatırladıb. O, xüsusilə 2035-ci ilədək ÜDM-in 5 faizinin hərbi məqsədlər üçün ayrılması öhdəliyinin kibermüdafiə, süni intellekt və bulud texnologiyaları kimi rəqəmsal imkanlara sərmayə qoyuluşunun genişləndirilməsi üçün mühüm imkan yaratdığını vurğulayıb.

M.Rutte rəqəmsal suverenliklə bağlı narahatlıqlara da toxunaraq, milli nəzarətlə kollektiv imkanlar arasında düzgün tarazlığın müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. O, bulud texnologiyalarının və “edge computing”in sürət üstünlüklərinin hərbi tətbiqlər üçün böyük fayda verdiyini bildirib və NATO daxilində daha dayanıqlı texnoloji alətlərin, eləcə də müttəfiqlər arasında genişlənmiş əməkdaşlığın zəruriliyini vurğulayıb.

Seçilən
8
2
hafta.az

3Mənbələr