AZ

bp “Azəri-Çıraq-Günəşli” yatağında 4D seysmik məlumatların keyfiyyətini artırmağı planlaşdırır

bp yenilənmiş emal üsulları və daha səmərəli məlumat toplama sxemləri sayəsində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında 4D seysmik məlumatların dəqiqliyini artırmağı planlaşdırır.

Day.Az xəbər verir ki, bunu bp-nin baş geofiziki Teymur İbrahimzadə Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında bildirib.

Onun sözlərinə görə, AÇG-də hər il 10-dan çox quyunun qazılması böyük həcmdə dinamik informasiya yaradır və yeraltı dəyişikliklərin daha dəqiq monitorinqinə olan tələbatı artırır.

bp-nin baş geofiziki qeyd edib ki, monitorinq çəkilişləri arasında birillik interval belə, layın doyma dərəcəsi və təzyiqi ilə bağlı dəyişiklikləri, habelə risklərin idarə olunması üçün mühüm amilləri aşkar etməyə imkan verir.

Teymur İbrahimzadə əlavə edib ki, bp həm məlumatların toplanması proseslərini, həm də onların emalını təkmilləşdirməyə davam edir. Buna optimal miqrasiya alqoritmlərinin seçilməsi və mənbələrin konfiqurasiyasının dəyişdirilməsi də daxildir.

"Monitorinqlər arasında cəmi bir illik fərq belə, doyma və ya təzyiq dəyişikliklərini qeydə almağa imkan verir və yeni emal metodları bizə rezervuardakı prosesləri daha dəqiq görməyə kömək edəcək", - deyə o bildirib.

Qeyd edək ki, layihənin operatoru AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişinin (PSA) iştirakçıları adından "BP Exploration (Caspian Sea) Limited" şirkətidir.

AÇG-də iştirak paylarının bölgüsü aşağıdakı kimidir: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%) və ONGC Videsh (2,92%).

Seçilən
10
1
day.az

2Mənbələr