GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Məlum olduğu kimi, bir müddət öncə sosial şəbəkələrdə kommunist ideologiyasının təbliği məqsədilə SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılmışdı. Daxili İşlər Nazirliyinin müvafiq tədbirlər görməsi nəticəsində təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.
Əvvəla onu deyim ki, bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da keçmiş SSRİ nostalgiyası ilə yaşayan müəyyən bir kəsim var. Amma ölkəmizdəki bu şəxslərin əksəriyyəti əslində ideoloji sədaqətdən çox sosial və iqtisadi təhlükəsizliyə, sabitliyə və keçmişin “təkrar olunmayan rahatlığı” kimi qəbul olunan hisslərlə bağlıdır. Yəni insanlar o dövrün kommunist ideologiyasını deyil, sosial təminat, ucuz həyat, sabit maaş və qayğı mexanizmlərini xatırlayırlar. Elə bir çoxu ilə danışdıqda da ilk olaraq bunu deyirlər.
Məhz ona görə də, bu nostalgiya real siyasi dayağa çevrilmir. Əgər Azərbaycanda doğrudan da kommunist ideologiyasına sadiq geniş sosial baza mövcud olsaydı, Azərbaycan Kommunist Partiyası 2023-cü ildə fəaliyyətini dayandırmaz, əksinə, siyasi fəaliyyətini davam etdirərdi. Hətta yeni situasiyalara uyğunlaşaraq müasir formatda siyasi fəaliyyət göstərə bilərdi. Dünyada bunun bir çox örnəyi var. Əksər postsovet ölkələrində isə hələ də kommunistlər və onların partiyaları fəaliyyətini davam etdirir.
Azərbaycanda isə Kommunist Partiyası özünü buraxıb və bunu bəyannaməsində qeyd etdiyi kimi, sosial dayağın olmaması, yeni dövrdə ideoloji motivasiya daşıyan kütlənin formalaşmaması və partiyanın siyasi bazasının tükənməsi ilə əsaslandırmışdı. Bu fakt bir daha onu deməyə əsas verir ki, Azərbaycanda kommunist ideologiyasına bağlılıq kütləvi xarakter daşımır.
Bununla belə, sosial şəbəkələrdə yayılan görüntülərdəki qrupun fəaliyyəti təbii olaraq suallar doğurur. Xüsusən də istintaqın həmin şəxslərin başqa bir dövlətin maliyyə dəstəyi ilə ofis icarəyə götürməsi, qrup halında toplantılar keçirməsi kimi detallar açıqlaması, bu prosesin arxasında hansı qüvvənin dayana biləcəyi sualını yaradır.
Şübhəsiz ki, ilk ağıla gələn qüvvə Rusiyadır və mənə görə bunun bir neçə məntiqi izahı var. Məsələ ondadır ki, regionun ən böyük və ən aktiv kommunist partiyası məhz Rusiyada yerləşir. O cümlədən, Moskva kommunizm ideoloji xəttindən zaman-zaman təsir aləti kimi istifadə edir. Digər tərəfdən, son illərdə Rusiyanın Azərbaycana təsir rıçaqları ardıcıl şəkildə zəifləyib. 44 günlük müharibə və ardınca keçirilən antiterror əməliyyatları nəticəsində Kremlin ən güclü rıçaqlarından biri olan “erməni kartı” faktiki olaraq sıradan çıxıb. Həmçinin Bakı ilə İrəvanın birbaşa dialoq qurması və sülh prosesinin fəal şəkildə davam etməsi fonunda, Moskvanın Qarabağ məsələsi üzərindən təsir imkanı da minimuma enib. Şimal bölgəsində Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlarla ləzgi kökənli radikal qruplaşma cəhdlərinin neytrallaşdırılması da Kremlin bu istiqamətdəki potensial alətlərini yararsız hala gətirib.
Bütün bunların fonunda illərlə Kremlin Azərbaycandakı ən mühüm siyasi dayağı sayılan Ramiz Mehdiyevin sıradan çıxması Rusiyanın ənənəvi təsir mexanizmlərinə daha bir zərbə vurdu. Doğrudur, Rusiya onu bilərək qurban verdi. Bu yolla Bakı ilə münasibətlərində gərginliyi yumşaltmağa çalışsa da, Moskvanın regionda öz təsir platformalarını itirdiyi reallığı dəyişmir.
Görünür, Rusiya yeni təsir kanalları axtarışındadır. Kommunist ideologiyası Azərbaycanda real siyasi qüvvə olmasa da, Moskva üçün simvolik və manipulyativ baxımdan əlverişli vasitədir. Bu xətt üzərindən kiçik, marjinal qrupların yaradılması Kremlin davranış tərzinə uyğundur. Üstəlik, Moskva məsuliyyəti öz üzərinə götürmədən təsir imkanını qorumaq, plan uğursuz olarsa, məsuliyyəti ölkədəki kommunist partiyasının üzərinə atmaq imkanına malikdir.
Hesab edirəm ki, təsir rıçaqlarını ardıcıl itirən Kremlin yeni, daha “gizli və inkar edilə bilən” alətlərlə Azərbaycanda təsir dairəsi yaratmaq istəməsi siyasi davranış modeli baxımından mümkündür.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.