AZ

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalarda hər il artım müşahidə edilir

Bakı, 27 noyabr, AZƏRTAC

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalarda hər il artım müşahidə edilir. Bu marşrutla daha çox Çinin “Huawei”, “BYD” və “Longi Solar” şirkətləri mallarını Avropaya ixrac edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin “Xi’an Free Trade Port Construction and Operation Co., LTD” şirkətinin baş direktoru Siyan Siyoçzyun deyib. O bildirib ki, 2023-cü il ilə müqayisədə 2024-cü ildə Sian-Bakı istiqamətində hərəkət edən yük qatarlarının sayı 20 dəfə artaraq ayda 36-ya çatıb. Onun sözlərinə görə, 2025-ci ilin sonuna kimi bu istiqamətdə yola salınan qatarların sayı 60-a çatacaq ki, bu da Transxəzər marşrutu ilə Sian-Bakı istiqamətində 600 qatarın göndərilməsi deməkdir: “Bu qatarlar Qazaxıstan ərazisindən keçir. Qazaxıstanın Sian limanındakı yük terminalından geniş istifadə olunur. Bu ilin iyulunda “Azərbaycan Dəmir Yolları” (ADY) QSC ilə “Xi’an Free Trade Port Construction and Operation Co., LTD” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən ADY-nin Sian limanında təmsilçiliyi açılıb və nümayəndəsi təyin olunub. Bundan başqa, şirkətlə dəmir yollarının rəqəmsallaşdırılması, yükaşırımı və tranzit sahələrində əməkdaşlıq əlaqəsinin qurulması nəzərdə tutulub və bu istiqamətdə işlər davam edir”.

Şirkət rəhbəri nəzərə çatdırıb ki, 2025-ci ildən başlayaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna yüklərin gecikdirilməsinin qarşısı almaq, sənədləşmə və gömrük nəzarətini sürətləndirmək məqsədilə rəqəmsal sistemin tətbiqi nəzərdə tutulub.

 

 

Seçilən
35
azertag.az

1Mənbələr