AZ

TDT-nin Media Forumu çərçivəsində ikinci panel sessiya keçirilib

Yazını böyüt
Yazını kiçilt

Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusunda ikinci panel sessiya keçirilib.

Hafta.az xəbər verir ki, panel sessiyada Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova, “Qazaxıstan” Respublika Teleradio Korporasiyası Səhmdər Cəmiyyətinin “Balapan” telekanalının direktoru Makpal Ukenova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov çıxış edib.

Sevil Mikayılova “Media haqqında” qanunun təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb. O bildirib ki, müasir tələblərə uyğun olaraq “Media haqqında” qanun 2021-ci ildə yenidən dəyişdirilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir isə media sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. O, türkdilli dövlətlərin vahid məlumat bazasının olmamasının doğru olmadığını diqqətə çatdırıb.

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov çıxışında media savadlılığının önəmini vurğulayaraq, bunun yalnız dezinformasiya ilə mübarizə ilə məhdudlaşmadığını deyib.

Paneldə vurğulanıb ki, rəqəmsal informasiya mühitində sürətlə baş verən dəyişikliklər TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını zəruri edir.

Qeyd edilib ki, ortaq rəqəmsal layihələrin icrası, informasiya axınının operativ idarə edilməsi və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üzv dövlətlərin kommunikasiya imkanlarını genişləndirə, regionda vahid və dinamik media məkanının formalaşmasına şərait yarada bilər.

Forum çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov “Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları” mövzusunda təqdimatla çıxış edərək 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı, modern urbanistika və “ağıllı şəhər” konsepsiyalarının müzakirə ediləcəyi ən böyük qlobal platformalardan biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, WUF13 çərçivəsində media üçün geniş imkanlar yaradılacaq, jurnalistlər üçün yüksək sürətli internet, tam təchiz olunmuş iş masaları, press-konfrans və müsahibə otaqları ilə təmin olunmuş Media Mərkəzi fəaliyyət göstərəcək.

Seçilən
35
5
hafta.az

8Mənbələr