AZ

“Hakimiyyət bu addımı əsaslı sübutlar olmadan atmazdı!”

Milli Məclisin deputatı Fazil Mustafa öz sosial şəbəkə hesabında Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı aparılan istintaq prosesinə dair əlavə açıqlama paylaşıb.

Redaktor.az xəbər verir ki, deputat qeyd edib ki, prinsipial olaraq siyasi fəaliyyətdə olan şəxslərin həbs olunmasını istəməzdi:

“Siyasi fəaliyyətlə məşğul olanların həbs olunmasını qətiyyən istəməzdim. Çünki bu sıxıntıları özümüz də vaxtilə yaşadığımızdan, hər zaman cəmiyyətdə siyasi münasibətlərin və rəqabətin mədəni səviyyədə aparılmasını arzulamışam.”

Fazil Mustafa bildirib ki, hakimiyyət orqanlarının belə addımlar atması üçün kifayət qədər əsasların olduğu qənaətindədir:

“Düşünürəm ki, hakimiyyət orqanlarının əlində yetərli səviyyədə əsaslar olmasaydı, həm uzun müddət dövlət orqanlarında ən yüksək postlardan birinə sahib olmuş Ramiz Mehdiyevin dövlət əleyhinə fəaliyyəti ilə bağlı, həm də onunla radikal müxalifətçiliyin idolu kimi özünü təqdim edən Əli Kərimlinin əməkdaşlığı ilə bağlı məqamlar üzrə bu cür sərt addımlar atılmazdı.”

O bildirib ki, istintaq orqanlarının araşdırmalarından sonra məsələnin tam mənzərəsi ortaya çıxacaq:

“Hər halda istintaq orqanları bu cinayət işini hərtərəfli araşdırdıqdan sonra daha aydın mənzərə üzə çıxacaqdır”.

Deputat radikal müxalifətin illərdir qarşısında dayandığı siyasətin nəticələrinin artıq görünməyə başladığını vurğulayıb:

“Bu radikal müxalifətçiliyin gəlib çıxa biləcəyi proqnozlaşdırılan dalanlardan biridir. Barışmaz müxalifətçilik mövqeyindən durub mötədil müxalif siyasət kursu sərgiləyən bizlərə illərdir olmazın böhtan və şantaşlarını rəva görənlərin yenidən bir durum dəyərləndirməsinə ehtiyac var.”

Fazil Mustafa həmçinin AXCP və Milli Şura rəhbərlərinin Tale Bağızadənin müdafiəsinə qalxmasını ciddi ziddiyyət kimi qiymətləndirib:

“Qərb demokratiyasını ideallaşdırıb, Azərbaycanda liberal dəyərlərin bərqərar olması üçün mübarizə apardığını bəyan edən AXCP və ya Milli Şuranın dırnaqarası öndərlərinin İrançı teokratik totalitarizmi təbliğ edən və dünyəvi dövlətimizə qarşı cihadı ali məqsədinə çevirmiş Tale Bağızadənin dəfələrlə müdafiəsinə qalxmalarının izahını verən hələ ki, tapılmadı”.

“Hazırkı vəziyyət də bu ziddiyyətli xəttin davamı kimi görünür. İndi də qarşılaşılan situasiya bu məsələdən elə də fərqli deyildir. Artıq bundan sonrası illərdir yalançı hədəflərlə, vədlərlə aldatdıqları insanların öz düşüncələrinə yenidən baxmasına qalır”,- deyə Fazil Mustafa vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
21
3
redaktor.az

9Mənbələr