AZ

Qazancımızın neçə faizi ərzağa gedir?

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615,7 milyon manatlıq məhsul satılıb. Bunun 26 milyard 495 milyon manatı ərzaq, 2 milyard 169 milyon manatı içki və tütün məhsullarının payına düşüb. Hesabat dövründə 23 milyard 951,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb. Artıq illərdir pərakəndə ticarət dövriyyəsində ərzaq xərcləri digər xərcləri üstələyir. Alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının payına düşür.

Rəsmi statistikaya görə, pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manat xərcləyir. Bunun 279,9 manatı ərzaq məhsullarının alınmasına yönəldilir. Yəni 4 nəfərlik ailənin minimum aylıq xərci 2055 manat, ərzaq xərci 1119 manat təşkil edir. Son illər ailələrin ticarət xərclərində 1,5 dəfə, o cümlədən ərzaqda 1,6 dəfə, qeyri-ərzaqda 1,4 dəfə artım baş verib. Xərclərin sürətlə artmasının əsas səbəbi əhalinin alıcılıq qabiliyyətin yüksəlməsi yox, inflyasiyadır.

2025-ci ilin oktyabrında istehlak qiymətləri indeksi 2024-cü ilin müvafiq dövrünə nisbətdə 5,9 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8,2 faiz, qeyri-qida məhsulları üzrə 12,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz təşkil edib. Göründüyü kimi ən çox bahalaşma ərzaq məhsullarındadır - 8,2%.

Rəsmi statistikaya inansaq, ötən ay ərzaqlardan ən çox bahalaşma yumurta - 4,7% və tərəvəzdə - 4,3% olub.

Mərkəzi Bankın hesablamalarına əsasən, inflyasiyaya iki faktor təsir göstərib. Birincisi, xarici ticarət tərəfdaşlarındakı qiymətlər, ikincisi, daxili təzyiqlər. Hesabat dövründə xarici ticarət tərəfdaşlarında inflyasiya 8,9% təşkil edib. Bu da sentyabrda Azərbaycanda inflyasiya göstəricisinə 3,12 faiz bəndi artırıcı təsir göstərib. Daxili amillərə nəzər yetirdikdə əsas faktor kənd təsərrüfatı istehsalçıları qiymətləri indeksinin artımı olub. 9 ayın nəticələrinə görə, kənd təsərrüfatı məhsullarının qiymətləri 9,3 faiz artıb. Kənd təsərrüfatı məhsullarının qiymətlərinin artımı inflyasiyaya 4,28 faiz bənd təsir göstərib.

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə əhalinin xərclərində ərzağın payı 8-10 faiz, bəzi ölkələrdə bundan bir qədər yüksəkdir. Məsələn, inflyasiyanın yüksək olduğu Türkiyədə ev təsərrüfatlarının istehlak xərclərinin 22,8%-i qida və alkoqolsuz içkilər təşkil edir. Bu nisbət gəlir səviyyəsinə görə əhəmiyyətli dərəcədə dəyişir. Ən aşağı gəlir qrupunda qida xərcləri ümumi istehlak xərclərinin 36,6%-ni təşkil edir. Ən yüksək gəlir qrupunda isə bu rəqəm 14,5%-ə düşür. Qonşu dövlətdə qida xərcləri ikinci ən yüksək istehlak kateqoriyasıdır, mənzil və kirayə isə ən böyük xərc maddəsini təşkil edir.

Estoniyada ərzağa istehlak xərclərinin 14,6%, Litvada 17,7%, Latviyada 25,6%, Ukraynada 42,1%, Belarusda 43,9%, Rusiyada 40%, Moldovada 50,1%, Qazaxıstanda 58,7%, Ermənistanda 61,8% və Türkmənistanda 67,3%-i yönəldilir.

Əhalinin xərclərində ərzağın payının yüksək olması həyat səviyyəsinin aşağı olmasını göstərən amillərdən biri hesab edilir. Əhalinin xərclərində ərzağın payı nə qədər çox olarsa, orta və uzunmüddətli alıcılıq qabiliyyəti, eləcə də yığım qabiliyyəti bir o qədər aşağı olur.

Rəsmi statistikaya inansaq, Azərbaycanda əhalinin gəlirlərinin 1,8 faizi sərəncamında qalır. Nəzərə alsaq ki, ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal maaşı 1087,7 manatdır, ayın sonunda sərəncamında cəmi 19 manat vəsait qalır. Vətəndaş ay ərzində maaşının 98,2%-ni zəruri xərclərə yönəldir.

Məsələn, Belarusda əhali bütün xərclərini ödədikdən sonra sərəncamında 10, Rusiyada 9,2 faiz vəsait qalır.

Ölkədə ərzaq xərclərinin üstünlük təşkil etməsinin səbəblərindən başlıcası bir sıra ərzaq məhsulları üzrə ümumi tələbin müəyyən hissəsinin idxal hesabına ödənməsidir. İllərdir rəsmi Bakı idxalın istehlakda payının azaldılmasına çalışsa da, buna nail ola bilməyib. Bu ilin 10 ayında yeyinti məhsullarının ümumi idxalda payı 11 faiz olub. Yəni 19 milyard 225 milyon idxalın 2 milyard 114 milyon dollarını yeyinti məhsulları təşkil edib. Ümumiyyətlə, yeyinti məhsullarının idxalda payı maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (15%), nəqliyyat vasitələri və onların hissələrindən (12%) sonra üçüncüdür.

Diqqətçəkən məqam oktyabrda sentyabrla müqayisədə yeyinti məhsullarının ümumi idxalda payının azalmasıdır. Bununla belə sentyabrda yeyinti məhsullarının idxalına 1 milyard 880 milyon dollar xərclənmişdisə, oktyabrda bu rəqəm 2 milyard 114 milyon dollar olub. Avqustda yeyinti məhsullarının idxalına 1 milyard 666 milyon dollar yönəldilmişdi. Aybaay yeyinti məhsullarının idxalına yönəldilən xərclər artıb. Halbuki BMT-nin ərzaq təşkilatının (FAO-nun) məlumatına görə, 2025-ci ilin oktyabrında ərzaq qiymətləri indeksi sentyabrla müqayisədə 1,6% azalaraq 126,4 bala düşüb. Təşkilat demək olar ki, 5 əsas qida məhsulu üzrə üçünün qiymət indeksinin azaldığını irəli sürür. Oktyabrda sentyabr ayı ilə müqayisədə taxılın qiymət indeksi 1,3 faiz düşüb. Bu azalma bütün əsas dənli bitkilərə təsir edib. Buğdanın qiymət indeksi 1 faiz, iri dənli bitkilərin qiymət indeksi 1,1 faiz və düyünün qiymət indeksi 2,5 faiz azalıb. Donuz və quş əti kotirovkalarının kəskin azalması səbəbindən ətin qiymət indeksi 2 faiz azalıb. Bununla belə, Avstraliya məhsullarına yüksək kotirovkalar səbəbindən mal ətinin qiyməti yüksəliş trendini davam etdirib. Avropa Birliyi və Yeni Zelandiyada geniş ixrac imkanları fonunda kərə yağının qiymətinin kəskin şəkildə düşməsi səbəbindən süd məhsulları üzrə qiymət indeksi oktyabrda 3,4 faiz azalıb. Şəkərin orta dəyəri əvvəlki aya nisbətən 5,3 faiz azalaraq 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. Bu da Braziliyada istehsalın genişlənməsini və Tayland və Hindistanda gözlənilən artımları əks etdirir. FAO bitki yağı üzrə qiymət indeksinin oktyabrda 0,9 faiz artaraq 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatdığını irəli sürüb. Palma, raps, soya və günəbaxan yağının qiymətləri də artıb. Bu, Qara dəniz bölgəsində məhsul yığımının gecikməsi də daxil olmaqla bir sıra amillərin təsiri altında baş verib.

Ümumilikdə təşkilat 2025-2026-cı illərdə məhsul bolluğu proqnozlaşdırır. Diqqəti çəkən ərzağın ucuzlaşmasına baxmayaraq, idxalın dəyərinin yüksəlməsidir. Yükdaşımaların qiymətinin artması, logistik çətinliklər, siyasi qeyri-müəyyənliklər idxalçı ölkələr üçün ağır yükə çevrilib. FAO-nun proqnozuna görə, 2025-ci ildə qlobal idxalın dəyəri 2,22 trilyon dollara çatacaq. Bu 2024-cü illə müqayisədə təxminən 8% artım deməkdir. Qida məhsulları qrupu üzrə 2025-ci ildə qəhvə, çay, kakao, ədviyyatın qiymətindəki artım qlobal idxal dəyərini illik müqayisədə 34,5% və ya 65,2 milyard dollar yüksəldəcək. Paralel olaraq süd məhsullarının idxal xərci 16,4% və ya 20,9 milyard dollar artacaq. Bitki yağının idxal dəyəri isə 10,6% və ya 16,7 milyard dollar artaq. Yüksək və orta gəlirli bazarlarda güclü tələbat səbəbindən ət və balıq üçün idxal xərclərinin 8,4% və 9,6%, meyvə və tərəvəz üçün isə 7,6% yüksələcəyi ehtimal olunur.

Bunun əksinə olaraq, qlobal dənli bitkilərin idxal xərclərinin təxminən 3% və ya 9,3 milyard dollar, şəkər xərclərinin isə təxminən 9% və ya 7,3 milyard dollar azalacağı proqnozlaşdırılır.

Bir çox ölkədə ərzaq xərclərinin artması səbəbindən istehlakçılar alış-veriş yanaşmalarını yenidən nəzərdən keçirirlər. Beynəlxalq araşdırmalara görə, insanlar müəyyən kateqoriyalı malların istehlakını azaldırlar. Bura əsasən spirtli içkilər, bahalı əşyalar, ev dekorasiyası, qazlı içkilər, kafelər, restoranlar və müxtəlif əyləncə seçimləri daxildir.

Misal üçün, beynəlxalq “NielsenIQ” şirkətinin məlumatlarına görə, Qazaxıstanda sakinlərin 69 faizi alış-verişlərdə qənaət etməyin yollarını fəal şəkildə axtarır. Qənaətin əsas səbəbləri artan ərzaq qiymətləri və əsas xərclərin artmasıdır. Alıcıların 52%-i endirimli məhsullar axtarır, 26%-i daha ucuz brendləri seçir, 25%-i alış-verişlərini azaldır.

Azərbaycanda da vəziyyət oxşar şəkildə inkişaf edir. Ərzaq qiymətləri xüsusilə nəzərəçarpacaq dərəcədə artıb, bir çoxlarının əməkhaqqısı isə sabit qalıb. Bu hallar təbii olaraq istehlakçı davranışında əks olunur. Məsələn, yanvar-sentyabr alarında ərzaq məhsulları üzrə xərclər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artım nümayiş etdirmişdisə, yanvar-sentyabr aylarında artım faizi azalaraq 1,3-ə düşüb.

Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ildə Azərbaycanda əhalinin nominal gəlirləri 97,4 milyard manat məbləğində proqnozlaşdırılır. 2026-cı ildə əhalinin xərcləri 95,5 milyard manat nəzərdə tutulub. Bu o deməkdir cəmi 1,9 milyard manat sərəncamda vəsait qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
axar.az

1Mənbələr